Şəhərdən kəndə qaçdılar: 1500 manatla bütün yaşamlarını qurdular

"Toyuqları yumurtlayır, tərəvəzi bostandan, meyvələri bağçadakı ağaclardan toplayırlar"

  Şəhər həyatından imtina edib təbiət qoynunda olmağı, sakit, təbii kənd yaşamını seçənlərin sayı getdikcə artır. Səbəblər şəhər həyatının bahalığı, səs-küy, rahatlığın olmaması, stresli yaşam tərzidir. Təbiət, sadə kənd həyatının insana rahatlıq, hüzur verdiyi isə şəksizdir. Bir məsələ var, o da əldə bəlli bir vəsaitin olması.

 Bir çox insan var ki, şəhərdəki evini, olan-olmaz nəyi varsa satıb kəndə “qaçır”. Onlardan biri də istanbullu Sönməzoğlu ailəsidir. “Şərq” “Milliyet.com”a istinadən Sönməzoğlu ailəsinin şəhərdən kəndə köç etmələrinin hekayəsini təqdim edir. 37 yaşlı Filiz Sönməzoğlu 20 il AVM-də mağaza müdiri işləyib. 38 yaşlı Dəniz Sönməzoğlu isə incəsənətin müxtəlif növləri üzrə müəllimdir. Kəndə köçmək arzuları olub, lakin bunu təqaüd yaşına çatdıqda reallaşdırmağı düşünüblər, taki pandemiya başlayanadək. Pandemiya ailənin köç planının xeyli irəli çəkilməsinə səbəb olub. İstanbuldakı evlərini və əşyaları satıb Sakaryanın Altındərə kəndinə köç ediblər. Kəndə köçmək üçün 15 min TL pul xərcləməli olublar. İndi isə yaşadıqları təbiət qoynunda aylıq məsrəfləri yalnız 8-9 min TL təşkil edir. Yəni bizim pulla 800-900 manat.  İşıq pulu, qaz pulu məsrəfləri yarı-yarıya düşüb. Filiz Sönməzoğlu deyir ki, ən böyük xəyalı övladlarının təbii yaşam içində, budağından meyvə, tağından tərəvəz toplaya biləcəkləri bir yerdə yaşamaları olub: “Yerli əhalinin meşədən hər cür qida, ərzaq - şabalıd, göbələk, meyvələr, tərəvəz, şəfalı otlar toplayıb satdığını gördükdə “biz də bu işləri görə bilərik” deyərək qolumuzu çırmayıb işə başladıq. Təbiət insana istədiyi hər nə varsa, təmənnasız verir. Yetər ki, ona zərər verməyəsən”. Sönməzoğlu ailəsi həyətdə kiçik təsərrüfat qurub. Toyuqları yumurtlayır, tərəvəzi bostandan, meyvələri bağçadakı ağaclardan toplayırlar.      F.Sönməzoğlu kəndlə şəhərin fərqini belə izah edib: “Kənddə özünüzü şəhərdəki kimi aparsanız, məsrəfləriniz böyüyəcək. Marketlərdə qiymətlər eynidir, istər şəhər olsun, istər kənd. Kənddə yaşayırsansa zəhmət çəkməlisən, əkib-becərməlisən, təsərrüfat saxlamalısan. Burda torpaqlar münbitdir, əkinçiliklə məşğul olmaq sərfəlidir.  Fındıq bağçaları var. Toplayıb satmaq olur. İşlər çətindir, amma şəhər həyatı kimi yorucu və stresli deyil. Hər gün hansısa təbiət hadisəsinə şahidlik etmək insana xoşbəxtlik duyğusu yaşadır. Yaxşı ki, bura gəldik. Övladlarımız təbiət qoynunda böyüyəcək, torpağın qədrini biləcək”.