Amerikalılar addımı rəğbətlə qarşıladılar


Trampın keçmiş həyat yoldaşının dəfn mərasiminə Melaniya da qatıldı

  ABŞ-ın sabiq prezidenti Donald Tramp keçmiş həyat yoldaşı İvana Trampı son mənzilə hazırkı həyat yoldaşı Melaniya Trampla birlikdə yola salıb. D.Trampın keçmiş həyat yoldaşının dəfn mərasiminə qatılması, həm də hazırkı həyat yoldaşının dəfndə iştirakını amerikalılar rəğbətlə qarşılayıb. “NTV.com.tr”də yer alan məlumatda bildirilir ki, mərhum İvana Trampla Donald Trampın 3 övladı var. 

İvana Tramp üçün Nyu-Yorkun St.Vincent Ferrer Kilsəsində dəfn mərasimi keçirilib. Hazırkı həyat yoldaşı Melaniya Trampdan əlavə, dəfn mərasimində İvananın Donald Trampdan olan övladları İvanka,  Donald Jr. və Eric Tramp və həyat yoldaşları, həmçinin Melaniya və Donald Tramp cütlüyünün oğlu Barron da iştirak edib. Tramp ailəsi kilsə pillələrinin başında fotokameralar önünə çıxıb və fotolarının çəkilməsinə etiraz etməyiblər. Donald Trampın keçmiş həyat yoldaşı İvana çex əsilli olub. 1977-ci ildə evləniblər və 1992-ci ildə ayrılıblar. İvana Tramp iş qadını olaraq tanınıb, zinət əşyaları, geyimlər, kosmetik vasitələr satışı sahəsində sahibkar qadın kimi fəaliyyət göstərib.  Donald Tramp keçmiş həyat yoldaşı üçün “ilhamverici bir həyat sürən, gözəl, füsunkar bir qadın idi. Qüruru və sevinci 3 övladı idi. Hamımız onunla qürur duyduqca, o da övladlarıyla qürur duyurdu. Hüzur içində yat, İvana!” deyib.