Hazırda Ermənistan hakimiyyəti başdan-ayağa sorosçuların oyuncağından ibarətdir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Teleqram kanalında məlumat yayılıb. Məlumata görə, imzalanma mərasimi bu gün saat 21:00-da baş tutacaq.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, bu gün Amerika Birləşmiş Ştatları tərəfindən Ermənistanı tamamilə regiondan təcrid etmək və əlaltısına çevirmək üçün sonuncu kartlar oynanılır:
“Bayden hakimiyyəti təhvil vermədən öncə Entoni Blinkenin vasitəsilə Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda növbəti təxribatçı addımlarını atır. Amerikanın Ermənistanla hansı strateji tərəfdaşlıq etməsinin özü ciddi suallar doğurur. Hazırda Ermənistan hakimiyyəti başdan-ayağa sorosçuların oyuncağından ibarətdir. Strateji tərəfdaşlıq haqqında saziş imzalansa belə, faktiki olaraq Ermənistan Avrasiya İqtisadi İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Eyni zamanda Ermənistanım Gümrü şəhərində Rusiyanın hərbi bazası yerləşir. Həmçinin Ermənistan iqtisadiyyatında Rusiya böyük gücə malikdir. Sözügedən sazişdən ABŞ və Ermənistan necə yararlanacağı da suallar doğurur. Baxmayaraq ki, ötən il USAİD vasitəsilə Ermənistana ayırdığı maliyyə yardımını 2 dəfədən çox artırıb. Eyni zamanda bu gün Amerika müxtəlif vasitələrlə Ermənistana yardım göstərir və Ermənistan ərazisində olan Avropa İttifaqının mülki missiyası kimi tanınan casus şəbəkəsinin fəaliyyətinə dəstək olur. Ermənistanın öz ərazilərini kəşfiyyat poliqonuna çevirdiyinə görə ABŞ rəsmi İrəvanı mükafatlandırır. Azərbaycan və Gürcüstana qarşı obyektiv mövqe göstərməyən Blinkenin saziş imzalası demokratların hakimiyyətlərinin son günlərində atılan absurd addımlarından biridir”.