Dünyanın ən güclü pasportu Yaponiyaya məxsusdur

Ən zəif pasportlara malik ölkələr isə Əfqanıstan, Şimali Koreya, Suriya və başqa ölkələrdir

  Londonda fəaliyyət göstərən “Henley & Partners” viza firması dünyanın ən güclü və ən zəif pasportlarını sıralayıb. Sıralama vizasız gediş-gəlişin mümkün olduğu ölkələrin sayına görə təyin edilib. Hansı ölkənin vətəndaşları pasportları ilə daha çox xarici ölkəyə vizasız gedib-gəlmək imkanına malikdirsə, o ölkələr siyahıda ön sıralardadır. “NTV.com.tr” xəbər verir ki, viza firmasının belə bir siyahı tərtib etməkdə məqsədi dünya əhalisinə daha asan, əlçatan səfərlər, səyahətlər imkanı yaradan dövlətləri tanıtmaq və digərlərini onlardan örnək almağa çağırmaqdır.

Firma hesab edir ki, dünya hamının ümumi evidir və sərhədlər nə qədər açıq olsa, insanlar arasında ünsiyyət daha asan yaranar və dünya əhalisi bir-birinə yardım edər. Yeni hesabata görə, Asiyanın 3 dövləti vətəndaşlarına digər dövlətlərin vətəndaşlarından daha artıq səyahət azadlığı verir. Yaponiya  193 ölkəyə vizasız gediş-gəliş hüququ ilə ilk sıradadır, onu Sinqapur və Cənubi Koreya “təqib edir” (192 ölkə). “Ən güclü pasportlar” siyahısında ilk onluqda  Almaniya, İspaniya, Finlandiya, İtaliya… əsasən Avropa ölkələri, Yeni Zelandiya, bir neçə Şərqi Avropa ölkəsidir (Litva, Macarıstan, Polşa…). Bu ölkələr vətəndaşlarına 182-190 dövlətə vizasız gediş-gəliş imkanı verir. Ən zəif pasportlara malik ölkələr siyahısında isə sonuncu yerdə gözlənildiyi kimi Əfqanıstandır  – cəmi 27 ölkə. Bu siyahıya Şimali Koreya 40 ölkə ilə “liderlik edir”. 

Siyahıda Nepal, Somali, Yəmən kimi Afrika ölkələri, eləcə də Pakistan, Suriya, İraq və Fələstin də var (29-38 ölkə). Siyahıda orta göstəricilərə malik dövlətlərin də adı keçir. Türkiyə 110 ölkəyə vizasız gediş-gəliş hüququ verməklə 54-cü sıradadır. Rusiya isə 50-ci sırada.