Əmininin ATƏŞİ yandırdı

İranda sosial partlayışın olacağı əvvəlcədən proqnozlaşdırılırdı

"Tehran səhvlərindən dərs almalıdır, əgər 40 milyon soydaşımıza çağırış edilsə, molla rejiminin vəziyyəti daha ağır olar"

  İranda Məhsa Əmini adlı 22 yaşlı gənc qadının ölümündən sonra baş verən etirazlar az sonra iğtişaşlara və toqquşmalara çevrilib. Etirazlar kürdlərin yaşadığı və Məhsa Əmininin mənsub olduğu Kürdüstan əyalətinin Sənəndəc şəhərindən başlayıb. 

Rəşt və Tehranda baş tutan etirazlar az sonra iğtişaşlar və təhlükəsizlik qüvvələrilə toqquşmalara çevrilib. İranın Məşhəd şəhərində etirazçılar təcili tibbi yardım və polis avtomobilini yandırıb. 

Etirazçılar zibil qutularını aşırıb, yandırıb, bəzi şəhər lövhələrinə ziyan vurublar, təcili tibbi yardım avtomobilinə hücum edərək onu yandırıblar. Mitinqi dağıtmaq üçün gələn polis nəfəri etirazçılar tərəfindən yandırılıb. Aksiyalarında hökumət əleyhinə şüarlar səsləndirilib. Sosial mediada Mehsa Əmininin ölümünə etiraz olaraq bəzi qadınlar saçlarını kəsiblər. Aksiyalar Tehran, Təbriz, İsfahan da daxil olmaqla 13 şəhərə yayılıb.

 Etnik kürdlərin çox olduğu Kürdistan, Kirmanşah, İlam və Qərbi Azərbaycan əyalətlərində də insanlar etirazlara başlayıb. Məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş nəticəsində 3 nəfər həyatını itirib, təxminən 250 nəfər isə saxlanılıb. BMT-nin İnsan Haqları Komitəsi Əmininin ölümü və hüquq-mühafizə orqanlarının aksiyanı dağıtma cəhdlərini narahatlıqla qarşıladıqlarını bildirib. İran Prezidenti Əli Rəisi Məhsa Əmininin ölümü ilə bağlı araşdırma işinin başlanması haqda göstəriş verib. 

  1979-cu ildə devrilmiş şah Məhəmmədrza Pəhləvinin mühacirətdə yaşayan oğlu Rza Kir Pəhləvi son günlər İranda vüsət alan etiraz aksiyalarını dəstəkləyərək, xalqa müraciət edib. 

Müraciətini sosial şəbəkələrdə paylaşan Rza Pəhləvi hazırkı aksiyaları 2017-ci ilin oktyabr ayından bəri ən geniş yayılmış etiraz dalğası kimi qiymətləndirib: 

"Bu etirazları fərqləndirən cəhət qadınların cəsarət nümayiş etdirərərk, "qadın, həyat, azadlıq!" deyə qışqıran liberal kişilərə dəstək və həmrəy olmasıdır. 

Zəkanızla, möhkəmliyiniz və cəsarətinizlə fəxr edirəm. Siz gələcəyinizi qurmağa qərar vermisiniz”. Pəhləvi siyasi və sivil qüvvələri, sənətçiləri və idmançıları, tələbələr və müəllimləri, fəhlələr və təqaüdçüləri xalq etirazlarına dəstək olmağa çağırıb. 

O, etirazların ağıllı şəkildə koordinasiya edilməsinin vacibliyini vurğulayıb və bildirib ki, koordinasiya edilməyən aksiyalar məhvə məhkumdur: "Etirazların və tətillərin daha əhatəli davam etdirilməsi qələbənin açarıdır”. Şahın varisi İran hakimiyyətinin məmurlarını xalqın tələblərilə razılaşmağa çağırıb:

 “Bilin ki, xalqın iradəsinə təslim olmaqdan başqa sonunuz yoxdur. Nə qədər ki, imkan var, xalqın açıq qucaqlarına qoşulmaq sizin xeyrinizədir”.

  İranda demək olar hər il baş verən qanlı etirazlar, xalq kütlələrinin küçələrə çıxaraq ədalət tələb etməsi əslində sosial vəziyyəti acınacaqlı duruma düşmüş, ekoloji problemlərdən təngə gəlmiş və din pərdəsi altında ən elementar hüquq və azadlıqları əlindən alınmış toplumun qəzəbini bir şəkildə kimdənsə çıxmasına bənzəyir. Budəfəki etirazlar digərlərindən fərqlidir. İranda bu gün baş verənlər ölkədəki mənəvi xaosun əlamətidir. İran hökuməti hər dəfə olduğu kimi birmənalı yenə xarici agentura şəbəkəsini və terrorçuları günahlandırır. Artıq “üç ayrı ölkədən” olan xarici casusların “gecə əməliyyatı” ilə saxlanılması barəsində məlumatlar da yayılıb.

  AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında deyib ki, hər dəfə İranla bağlı danışanda bəyan edirdik ki, Tehran rejimi ilk növbədə öz daxilinə yönəlməli, ölkədəki problemlərin həlli ilə məşğul olmalıdır. Çünki bu narazı gedişlə, bir gün İranda sosial partlayış olacağı əvvəlcədən proqnozlaşdırılırdı: 

"İranın Azərbaycan-Ermənistan məsələsində, Zəngəzur dəhlizi mövzusunda yanaşması qaneedici deyil. Ümid edək ki, belə qarşıdurmalar İrana dərs olacaq və qonşumuz yanlış mövqeyindən düzgün nəticə çıxaracaq. Azərbaycanda müəyyən kəsimlərin Cənubi Azərbaycandakı 40 milyon soydaşımıza çağırış etməsi, onları aksiyalara səsləməsi molla rejimini daha ağır vəziyyətə sala bilər. Düşünürəm ki, İran indiki halda öz problemlərini həll etməyə çalışmalıdır. Belə yanlış siyasət yürüdən, xalqını əzən, təzyiq altında, kasıb vəziyyətdə saxlayan, müsəlman ölkəsi olan Azərbaycanla deyil, xristian və işğalçı Ermənistanla yaxınlıq edən rejim getsə yaxşıdır və getməlidir. İrandakı dəyişiklik həm iranlılar, həm də region üçün faydalı ola bilər. Azərbaycan İrandakı prosesləri diqqətlə izləyir. Hadisələrə öz maraqlarımız çərçivəsində reaksiya verməliyik". 

 T.Abbaslı onu da vurğulayıb ki, istənilən ölkədə baş verən qarşıdurmalar, münaqişələr, stabilliyin pozulması halları birmənalı şəkildə qonşu dövlətlərə də təsirini göstərir: 

"İran kimi bir ölkədə daxili çaxnaşmaların baş verməsi və nəticələri dünyada siyasi-iqtisadi proseslərə təsirsiz ötüşməyəcək. İrandakı etiraz dalğasının sadəcə bir qızın öldürülməsinə görə başladığını söyləmək doğru olmaz. Səbəblər çoxdur və Əmini olayı genişmiqyaslı aksiyalara başlamaq üçün bəhanədir. Burada ABŞ-ın, Avropanın, yəni kənar qüvvələrin rolu, eyni zamanda ölkədaxili qrupların çəkişməsi də mümkündür. Bir çox şəhərlərdə etiraza çıxanların böyük əksəriyyəti siyasi şüarlar səsləndirirlər, ali rəhbərə, hökumətə qarşı çıxışlar edirlər. İstənilən halda hadisələrin nə ilə nəticələnəcəyini gözləmək lazımdır. Bir neçə gündən sonra qarşıdurma səngiyə də bilər".