Slovakiya müvəqqəti olaraq Macarıstanla sərhəd nəzarətini bərpa edib

Slovakiya Yaxın Şərq ölkələrindən qanunsuz miqrasiyanın artan həcmini nəzərə alaraq qonşu Macarıstanla sərhəd nəzarətini müvəqqəti bərpa edib.

Sherg.az azərtac-a istinadən xəbər verir ki, Şengen məkanına daxil olan Macarıstanla sərhəd nəzarətinin bərpa edilməsinə əsas səbəb Serbiyadan qanunsuz miqrantların bu ölkədən keçməklə Slovakiyaya daxil olmasıdır. Macarıstanla dörd sərhəd-keçid məntəqəsində nəzarəti bərpa edən Slovakiya polisi təkcə sentyabrın 30-da 222 qanunsuz miqrant saxlandığını, eyni zamanda, miqrantların Avropa İttifaqı ölkələrinə daxil olmasına şərait yaradan 127 şəxsin cinayət məsuliyyətinə cəlb olunduğunu bəyan edib.

Qeyd edilməlidir ki, Macarıstandan Slovakiyaya daxil olan miqrantlar bu ölkədən əsas etibarilə tranzit olaraq istifadə edir, Avstriya və Çexiya vasitəsilə Avropa İttifaqının digər ölkələrinə üz tuturlar. Qaçqın axınını nəzərə alaraq, Avstriya və Çexiya da adekvat addımlar ataraq Slovakiya ilə sərhəd nəzarətini bərpa ediblər.

Slovakiyanın Baş naziri Eduard Heqer bu qərarın verilməsindən bir neçə gün əvvəl Şengen məkanına daxil olan ölkələr arasında sərhəd nəzarətini arzuolunmaz hal adlandırmışdı. Onun sözlərinə görə, Şengen ölkələri arasında sərhəd nəzarəti tətbiq etmək əvəzinə, Macarıstan və Serbiya arasında sərhəd nəzarəti gücləndirilməli və bunun nəticəsində Avropa İttifaqı ərazisinə qeyri-qanuni miqrantların daxil olmasının qarşısı alınmalıdır.