Rusiya-Ukrayna müharibəsi dayandırılmalıdır


Çünki tərəflər savaşın ən dəhşətli mərhələsindədir

“Nüvə taktiki başlıqlı silahların tətbiq olunması söz-söhbəti gedir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstanın paytaxtı Astanada görüşü gözlənilir. Görüş oktyabrın 12-də keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində baş tuta bilər. Xatırladaq ki, daha öncə Kremlin mətbuat katibi Dmitri Peskov da iki ölkə prezidentinin 12-13 oktyabr tarixlərində görüşəcəyini istisna etməyib.

Peskov həmçinin, onu da qeyd edib ki, Vladimir Putinin Astanaya səfəri planlaşdırılıb. Kreml rəsmisi həmçinin onu da əlavə edib ki, rəsmi Moskva Türkiyə ərazisində Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-la mümkün ola biləcək danışıqlar barədə konkret təkliflər almayıb, amma bu məsələ Astanada Ərdoğanla görüş zamanı müzakirə oluna bilər. Vurğulanıb ki, planlaşdırılan danışıqlarda qida sazişi, Ukraynadakı vəziyyət və enerji əməkdaşlığı müzakirə ediləcək. Rusiya Xarici işlər naziri Sergey Lavrov da Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Astanada görüşəcəklərini təsdiqləyib. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə bildirib ki, Lavrovun da qeyd etdiyi kimi əsas danışıq tərəfləri Rusiya və ABŞ-dır. Ekspert bəyan edib ki, indiki halda Kremlin Kiyevlə müzakirə edəcəyi məsələ yoxdur:

 "Rusiya buna görə Zelenskini günahlandırır və bildirirlər ki, Ukrayna prezidenti Kreml rəhbəri ilə görüş söhbətini, Rusiya ilə müzakirələri qapadıb. Hazırkı məqamda daha çox dil tapmağa ehtiyac var. Çünki tərəflər savaşın ən dəhşətli mərhələsindədir. Nüvə taktiki başlıqlı silahların tətbiq olunması söz-söhbəti gedir. Bu, həqiqətən fəlakətli senaridir və mümkün qədər qaçmaq lazımdır. Bu təhlükə "Damokl qılıncı" kimi dünyanın başı üzərində qalmaqdadır. Ona görə də çalışırlar ki, bu cür gedişatın önünü kəssinlər. Sözün açığı, indidən hansısa konkret nəticədən danışmaq tezdir".