Xalq hiddətlənib: İlon Maskın fotosu Ukraynanın şərəf lövhələrindən silinib

 Rusiya-Ukrayna müharibəsində öz sülh planını açıqlayan İlon Mask ukraynalıların hədəfi olub. 
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın liman şəhəri Odessada dünyanın ən varlı adamının fotosu Kiyevi dəstəkləyən beynəlxalq məşhurların təsvir olunduğu reklam lövhələrindən yığışdırılıb. Bu qərar Tesla şirkətinin baş direktorunun  Rusiya-Ukrayna sülh planı haqqında tvit atmasından sonra verilib.

Maskın planı “ilhaq edilmiş ərazilərdə BMT-nin nəzarəti altında yeni səsvermənin keçirilməsini”, Krımın Rusiyanın tərkibində saxlanılmasını, Krıma su təchizatına zəmanət verilməsini və Ukraynanın neytral qalmasını nəzərdə tutur.

“Reklam departamenti İlon Maskın fotosunu reklam lövhələrindən silir, burada Ukraynanı dəstəkləyənlərə təşəkkürümüzü bildiririk”, - Odessa administrasiyası Telegram-a bildirib.

Odessa administrasiyası həmçinin meriya işçisi tərəfindən milyarderin üzünə böyük bir göy kağız parçası yapışdırdığını əks etdirən video da yayımlayıb.

Ukrayna prezidenti Zelenski Twitter-də sorğu keçirərək bu fikrə reaksiya verib.
O, izləyicilərindən hansı İlon Maskı daha çox bəyəndiklərini soruşub.
“Ukraynanı dəstəkləyən, yoxsa Rusiyanı dəstəkləyən?”.

Qeyd edək ki, Avrasiya Qrupunun prezidenti, politoloq Yan Bremmer Tesla və Space X şirkətlərinin baş direktoru İlon Maskın Rusiya prezidenti Vladimir Putinlə danışdığını iddia edib. Musk isə bu iddianı təkzib edib.
Bremmer Twitter-də yazıb: "İlon Mask mənə Ukrayna mövzusunda  Putin və Kremllə birbaşa danışdığını bildirdi. O, Kremlin qırmızı xətlərinin nədən ibarət olduğunu da söylədi”.
Bremmer abunəçilərinə göndərdiyi xəbər bülletenində də məsələnin təfərrüatlarını açıqlayıb. O,  iddia edib ki, Mask Putinlə danışdıqdan sonra ona “Ukraynanın Rusiyanın ilhaq etdiyi Krımı işğal etməyə cəhd edəcəyi təqdirdə hər cür ehtimalın, o cümlədən nüvə hücumunun baş verə biləcəyini” deyib.

Bütün baş verənlərə Elon Mask "Heç kim Bremmerə etibar etməməlidir" cavabını verib. Tvitterdəki bu müzakirədən əvvəl Maska “Putinlə heç danışdınızmı” sualı verilib və Mask “Putinlə yalnız bir dəfə danışdım, 18 ay əvvəl idi və kosmosla bağlı idi” deyə cavab verib.

Turan