Ukraynanı İranın dronları sarsıtdı

Qərb Tehranın Rusiyaya dəstəyini cavabsız qoymayacaq

Sanksiyalar artırılacaq, həm də ölkənin daxilindəki çaxnaşmalara dəstək veriləcək

  Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev şəhərinə İran istehsalı olan dron-kamikadzelərlə hücum edib. Bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb. Dronlardan birinin vilayət ərazisinə düşməsi qeydə alınıb, lakin onun dəqiq yeri, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Xatırladaq ki, bundan öncə də Rusiyaya məxsus iki dron-kamikadze Vinnitsa vilayətinə hücum təşkil edib.  Rusiya ordusu 2 “Şahid-136” dronu vasitəsilə Vinnitsadakı Ladıjinsk İstilik Elektrik Stansiyasını vurub.

  Politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, İran fars molla rejiminin öz mahiyyətinə uyğun hərəkət etməsində qeyri-adi heç nə yoxdur. Analitikə görə, İran yenə də özünün destruktiv rolunu oynamağa davam edir, müsəlman dövləti adına uyğun gəlməyən addımlar atır:

 "İran işğalçı ölkənin yanında durur, dinc əhalinin məhv edilməsinə, onların durumlarının çətinləşdirilməsinə və Rusiyaya bu işğalı davam etdirməsinə şərait yaradır. Həmçinin, bilavasitə özü də iştirak edir. Bizim üçün İranın bu xisləti çoxdan bəllidir. 30 illik Qarabağ işğalı zamanı Ermənistana verdiyi dəstəyi hər zaman bilir və pisləyirik. İranın dronları sanksiya altında olsa da, sonradan məlum oldu ki, bir sıra ehtiyat hissələri Amerika şirkətlərindən alırmış.

 Bu, İran və Amerikanın gizli şəkildə əməkdaşlıq etdiyinin sübutudur. Amma görünən odur ki, İran öz dronlarını Rusiyaya verməklə Amerikanın planlarını pozduğunu anlamayıb. İranın Rusiya işğalına dəstək verməsi hərbi baxımdan ciddi nəticə doğura bilməz.

 Əvvəla, bu dronlar texniki baxımdan yaxşı statistikaya malik deyil, asanlıqla məhv edilir, hətta onu avtomat silahlarla belə vurmaq mümkündür. Hazırda İran dronlarının özünü "doğrultması"nın səbəbi Rusiyanın dronlarla yanaşı bir sıra raketləri də paralel işlətməsi və Ukrayna hava hücumundan müdafiə sistemlərinin bunları vurmaq üçün texniki imkanlarının az olmasıdır. Elə ona görə də Amerika Ukraynanı yeni hava hücumundan müdafiə sistemləri ilə təmin etmək məqsədi ilə ölkənin hava məkanını bağlamaq qərarına gəlib. Hesab etmək olar ki, bundan sonra belə dronların heç bir əhəmiyyəti qalmayacaq".

  A.Qasımov vurğulayıb ki, İranın bu hərəkətinə cavab isə ona qarşı sanksiyaların artırılması ola bilər: "Rusiyanın işğal siyasətinə neytral qalan və müxtəlif şəkildə dəstək verən tək ölkə İran deyil. 

Məsələ ondadır ki, İranla münasibətləri görüntü xətrinə də olsa gərginləşdirmək Amerikaya sərf etmir. Əvvəla, Prezident Co Bayden İranla nüvə məsələsində müəyyən razılığa gəlib sanksiyaları götürməyi planlaşdırırdı. Bu isə BƏƏ və Səudiyyə Ərəbistanının maraqlarına uyğun gəlmir. 

Bayden Rusiyanın enerji daşıyıcıları ixracından gəlirlərinin azaldılması üçün Birləşmiş Ərəb Əmirliklərindən neft ixracını artırmağı tələb etmişdi ki, neft ucuzlaşsın və Rusiyanın satdığı neftdən gəlirləri aşağı düşsün. Bununla da maddi çətinliklər Rusiyanı işğaldan əl çəkməyə vadar etsin. 

Amma BƏƏ bundan imtina etdi, Rusiyanın yanında yer aldı və OPEK-in son iclasında neft ixracını gündəlik 2 milyon barel azaltmaq qərarını aldı ki, bu da Baydenin və Amerika konqresinin qəzəbinə səbəb oldu. Neft yenə də bahalaşmağa başladı. Amerika bunun müqabilində BƏƏ və Səudiyyə Ərəbistanındakı 5 min Amerika  hərbçisinin 3 ay müddətinə çıxarılması qərarı aldı və onlarla hərbi əlaqələri kəsəcəyini bəyan etdi. İndi bu durumda Amerikanın İranla da gərginlik yaratmaq fikrinin olmayacağı aydındır. Amerikanın İran vasitəsi ilə ərəb ölkələrinə təzyiqinin artacağı, Yəməndəki hüsilərin Səudiyyə krallığın atəşə tutacağı, ARAMKO neft emalı zavodlarının hədəf alınacağı  şübhəsizdir. Sadəcə, Amerika ərəb ölkələri ilə münasibətlərin durdurulmasında gözləmə mövqeyi tutacaq, çünki bu, elə də asan məsələ deyil. Amerikanın ərəb yarımadasında da çox böyük maraqları vardır. Bu baxımdan ordan da dediyi kimi çıxmaq ona sırf etmir. Hələlik hesab edirəm ki, ərəbləri qorxutmaq mövqeyi seçəcək. Bunlar çox mürəkkəb proseslər olduğu üçün kimin əlinin kimin cibində olmasının dəqiqləşdirilməsi əsas məsələdir. Bir müddət İran bu barədə rahat nəfəs ala bilər".

  Həmsöhbətimiz qeyd edib ki, Qərb İran neftinin də Avropaya çıxarılmasını planlaşdırır:

"Ona görə İrana bilavasitə yox, dolayı yolla təzyiq yolu tutulacaq. Məsələn, daxildə çaxnaşmalara dəstək verməklə. İran hakimiyyəti də monolit olmadığı, müxtəlif qruplardan təşkil olunduğu üçün Amerikanın dəstəyi bu qruplar üçün hakimiyyəti əldə saxlamaqda həlledici rol oynayacaq".