Fransanın vasitəçiliyi qəbul edilə bilməz

Son proseslər göstərir ki, rəsmi Paris Brüssel formatını manimsəməyə və öz əlinə keçirməyə çalışır

  Son zamanlar Fransa gündəmdə olmayan məsələləri qabardır, ciddi-cəhdlə danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını icra etməyə cəhd göstərir. Aydın məsələdir ki, qatı ermənipərəst siyasət yürüdən Fransa erməni lobbisinin güclü təsiri altındadır və Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir. Bütün bunları nəzərə alsaq, Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Son proseslər həm də onu göstərir ki, rəsmi Paris Brüssel formatını manimsəməyə və öz əlinə keçirməyə çalışır. 

Etiraf etmək lazımdır ki, son zamanlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Brüssel formatı çərçivəsində, Aİ Şurasının prezidenti Şarl Mişelin yaxından iştirakı və ciddi-cəhdləri sayəsində önəmli addlmlar atılıb. Xüsusilə sərhədin delimitasiyası üzrə işçi qrupunun formalaşdırılması, XİN rəhbərləri səviyyəsində təmasın qurulması, sülh sazişi mətninin hazırlanması ilə bağlı razılaşma və s. buna misal ola bilər. Prezident E.Makron ötəngünkü açıqlamasında açıq şəkildə qeyd edib ki, Avropa Siyasi Birliyi zirvəsi çərçivəsində AŞ və Fransanın vasitəçiliyi ilə dördtərəfli görüş baş tutub. Makron hətta daha da irəli gedərək qeyd edib ki, bu çərçivədə yeni tarixdə ilk dəfə olaraq Ermənistan və Türkiyə liderləri də görüşdü. 

Göründüyü kimi, Makron təkcə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını deyil, həm də Türkiyə-Ermənistan münasibtəlrinin normallaşmasını mənimsəməyə çalışır. Halbuki, Fransanın bir sıra  ölkələrdə həyata keçirdiyi soyqırım siyasəti, müsəlman ölkələrinə qarşı qərəzli mövqeyi, müsəlmanlara qarşı dini və irqi ayrı-seçkiliyi, habelə Azərbaycan və Türkiyəyə qarşı qərəzli siyasəti hamıya məlum həqiqətlərdir. 

Makron jurnalistin “AB Azərbaycandan qaz alır, buna görə Azərbaycana tolerant yanaşa bilərmi” sualına isə “Fransa Azərbaycandan qaz almır. Əlbəttə, AB-nin bir neçə ölkəsinin Azərbaycanla qaz sazişi var. Amma biləsiniz ki, Fransa və AB-nin dəyərləri qaz və ya neftə satılmır” açıqlamasını versə də, bu, reallığı dəyişmir. Çünki Bakının hazırda Avropanın enerji təminatında çəkisi heç olmadığı qədər artıb. Fransa prezidentinin bu çıxışı region və Azərbaycan haqda tamamilə təhrif edilmiş və şantaj üzərində qurulan bir çıxışıdır. Bundan başqa Makronun son açıqlaması həm də Fransa-Azərbaycan münasibətini yenidən gündəmə gətirir.

  Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Makronun öz müsahibəsində "Ermənistanı sona qədər tək qoymayacaqlarını" bəyan etməsi göstərir ki, bu ölkənin Bakı-İrəvan münasibətlərinin normallaşmasında vasitəçilik etməsi qəbul edilə bilməz. Analitikə görə, Fransa tərəf olduğunu ən yüksək səviyyədə bəyan edir: 

"Makronun müsahibəsində əsas diqqətçəkən məqamlardan biri isə Azərbaycanın Avropaya qaz satmasının heç bir “güzəştə” əsas vermədiyi haqda dedikləridir. 

“Fransa Azərbaycandan qaz almır" deyən Makron bu sözləri ilə "Azərbaycana qarşı sanksiyaları nəzərdən keçirmədiklərini” deyən Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali komissarı Josep Borrelə cavab verir. Dolayı yolla Bakıya qarşı cəbhəni gücləndirəcəklərini elan edir.

 Gələn ay Fransa senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini müzakirə edəcək. İstisna deyil ki, Fransa hökuməti təzyiq xarakterli qərarların qəbuluna çalışacaq".