Asiya regionunun gələcəyi çözülür

Əgər Astanadakı müşavirə təşkilata çevriləcəksə, bu qurumun tarixində yeni mərhələ başlayacaq

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; 

  Türkdilli dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin strateji xəttini təşkil edir. Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan qurub yaradarkən türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir, bu istiqamətdə səylə çalışırdı. Məhz onun müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirilən bu əlaqələr hazırda özünün ən yüksək səviyyəsindədir. Eyni soy-kökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, əlaqələrin qurulmasında, bir sözlə, qardaşlaşmasında Heydər Əliyevin xidmətləri danılmazdır.

Azərbaycan ilk gündən türkdilli dövlətlərin keçirilən bütün Zirvə görüşlərində yaxından iştirak edib, ölkələr arasında birliyin yaradılmasında əhəmiyyətli təşəbbüslərlə çıxış edib. Heç də təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə məhz Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişlə yaradılıb.

 Türk Şurasının sıralarının genişlənməsində və təşkilata çevrilməsində dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsləri mühüm əhəmiyyət kəsb etməkdədir.

 Azərbaycanın türk dövlətləri ilə əlaqələri intensiv şəkildə inkişaf etməkdədir. Təkcə bu il reallaşan Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana, Qırğızıstana və Qazaxıstana səfərləri, imzalanan sənədlər və əldə olunan razılaşmalar bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir. 

Bu baxımdan dost və qardaş Qırğız Respublikası ilə Azərbaycan arasında münasibətləri yüksək dəyərləndirmək olar. Bu il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı imzalanan sənəd iki ölkə arasında əlaqələrin strateji xarakterini göstərir. Dövlət başçısı İlham Əliyevin Qırğızıstana səfəri, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfələr verəcək, ikitərəfli münasibətləri yeni mərhələyə daşıyacaq. 

Son zamanlar dünyada baş verən hadisələr zəmnində ölkəmizin tranzit imkanları daha da genişlənib, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilib. Bu baxımdan Qırğızıstanla əməkdaşlıq ölkələrimiz arasında ticarət əlaqələrini gücləndirə bilər. Qırğızıstana dövlət səfərinə gedən ölkə başçısı İlham Əliyevi hava limanında prezident Sadır Japarovun şəxsən qarşılaması öz-özlüyündə səfərin əhəmiyyətini və hər iki ölkənin qarşılıqlı əməkdaşlıq əlaqələrini yeni mərhələyə çatdırmaqla bağlı qərarlılığını göstərir.

 Dövlət başçısı İlham Əliyevin Qırğızıstan səfəri öncəsi sovet dövründən qalan sərhəd problemlərinin həll edilməsi yolunda Özbəkistan və Qırğızıstanın razılığa gəlməsini də müsbət xəbəri saymaq olar. Güman ki, bu razılaşmanın əldə edilməsində vasitəçi kimi Türkiyə və Azərbaycan da xüsusi xidmətləri olub. KTMT çərçivəsində Ukrayna müharibəsinə qoşulmaqdan imtina edən Qırğızıstanın Azərbaycanla hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalaması gözlənilir. Daha əvvəl də analoji addımı Özbəkistan atmışdı. Bunun üzərinə Türkiyə ilə olan hərbi əməkdaşlıq müqaviləsini gəldikdə regionun yeni siyasi mənzərəsi bəlli olur. Getdikcə Türk Dövlətləri Birliyi möhkəmlənir, Türkiyə-Azərbaycan tandeminə, Türkmənistan, Özbəkistan və Qırğızıstanın da qoşulması ilə Yeni Mərkəzi Kommunikasiya yolunun nəzarəti TDT-nin nəzarətinə keçir. Məlumat üçün onu da qeyd edək ki, oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Tədbirdə Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısı daha sonra Qazaxıstan rəhbəri Qasım-Comart Tokayevlə görüşüb. 

  Millət vəkili Vüqar Bayramov bildirib ki, Qırğızstandan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin digər türk dövlətinə - Qazaxıstana işgüzar səfərə gəlməsi və Türkiyə Prezidenti R.T.Ərdoğanın da Astanada olması mühüm hadisələrdir. Deputatın sözlərinə görə, son dövrlər türk dövlətləri arasında strateji əlaqələrin sürətlə inkişaf etməsi müşahidə edilir: "Bu özünü iqtisadi münasibətlərdə də göstərməkdədir. 

Digər tərəfdən, inkişaf fondlarının yaradılması qarşılıqlı sərmayə imkanlarını daha da gücləndirəcək. Bu ilin ilk 7 ayında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 3 milyard 991 milyon dollar olub. Bu o deməkdir ki, bu ilin ilk 7 ayında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 50 faiz artıb. Kifayət qədər ciddi artımdır. Türk dövlətləri yeni inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyur. İnvestisiya fondlarının yaradılması, strateji qərarlar, birgə layihələr türk dünyasını daha da yaxınlaşdıracaq və bütövləşdirəcək".

  Millət vəkili Hikmət Babaoğlu da vurğulayıb ki, Astanada  keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı dünyada baş verən mühüm dəyişikliklər kontekstində baş tutub: "AQEM  özlüyündə Asiya əhalisinin yüzdə 90-nı əhatə edən dövlətlərin birliyi kimi çıxış edir. 

Bu isə eyni zamanda həm də Asiya iqtisadiyyatının təqribən həmin potensialda inteqrasiya potensialı deməkdir. Ona görə də bu toplantıda müzakirə olunan məsələlər Asiya regionun gələcəyi və onun Avropa ilə əlaqələri baxımından olduqca əhəmiyyətlidir. Gündəmdə olan əsas məsələlərdən bir də AQEM-nin  statusu ilə bağlıdır. Əgər bu müşavirə təşkilata çevriləcəksə, bu qurumun tarixində keyfiyyətcə yeni mərhələ başlayacaq və daha səmərəli fəaliyyət göstərmək imkanları yaranacaq. AQEM bəzən Asiyanın ATƏT-i kimi təqdim edilir. Ona görə də Azərbaycanın bu konfransda iştirakı bir neçə aspektdən olduqca əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, beynəlxalq plarformanın inteqrasiyası üçün rəsmi Bakı mühüm logistika və qovşaq yaratmağı bacarıb. Hazırda isə yeni reallıqlar kontekstində nəqliyyat-kommunikasiya əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edilir. Bu da Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi orta vektor üzrə bütün növ kommunikasiyalarn məsafəsini 300 km qısaltmaqla operativ əlaqələr və inteqrasiya təmin etmək imkanlarına sahibdir. Prezident İlham Əliyev AQEM zirvəsindəki çıxışında bir daha bu məsələyə toxundu".