İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar səngimir.
Bu dəfə Məhsa Əmininin ölümünün 40-cı günü insanların etiraz səhnəsinə çevrilib. Matəm mərasimə toplaşan etirazçı əhali “Diktatoru devirəcəyik, Məhsanın qisasını alacağıq!” şüarı səsləndirirlər.
Qeyd edək ki, ölkənin şəriət təfsirinə əsaslanan qanunlarına görə, qadınlar öz bədənlərini göstərməmək üçün uzun, geniş paltar geyinməli və saçlarını örtməlidirlər.
Məhsa Əmini əvvəl hicab qaydasını pozması iddiası ilə həbs olunub və sentyabrın 16-da vəfat edib. Ailəsi onun polis tərəfindən döyüldüyünü deyir. Polis ittihamları rədd edir.
İrandakı iğtişaşları "Sherg.az"a dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, etiraz dalğalarının pərdəarxası müəyyən mərkəzlər tərəfindən idarə olunur:
"Aksiya İran rejiminin zəiflədilməsinə xidmət göstərir. Kortəbii şəkildə davam edən etirazlar sistem daxilində fikir ayrılıqları ilə nəticələnəcək.
Kürd amilindən istifadə olunur. Kürdləri qabağa verərək, etiraz formalaşdırırlar. Əsas hədəf İrandakı rejimi devirmək və növbəti mərhələdə hakimiyyət dəyişiklikliyinə yol açmaqdır. Etirazların davam etməsi gözlənilir. Nümayişlər daha kəskin xarakter alacaq. İran rejimi prosesləri idarə etdiyini göstərməyə çalışır.
Lakin bu qlobal proseslərin, yaxın Şərqdəki yeni geosiyasi nizamının nəticəsidir".