Volodimir Zelenski Ali Baş Qərargahın iclasını keçirib

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Qərargahın iclasını keçirib.
“Report” xəbər verir ki, bunu dövlət başçısı teleqramda yazıb.
O bildirib ki, toplantıda cəbhə xəttindəki, xüsusilə cənub istiqamətindəki durum müzakirə olunub.
İclasda, həmçinin bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə vəziyyətin sabitləşdirilməsi üçün prioritet tədbirlər müəyyən edilib: “Torpaqlarımızı işğalçılardan azad etməkdə davam edirik”, - Prezident yazıb.
Bundan əlavə, iclas iştirakçıları enerji infrastrukturunun Rusiyanın hücumlarından qorunmasının gücləndirilməsi və düşmənin hücumu nəticəsində zədələnmiş obyektlərin bərpasına dair fikir mübadiləsi aparıblar. V.Zelenski əlavə edib ki, Ukrayna qışa mümkün qədər hazır olmalıdır: “Bunun üçün hər şey edilir”.
Qeyd edək ki, Ukrayna noyabrın 11-də Xerson şəhərini Rusiya işğalından azad edib. Ukrayna ordusu şəhərə daxil olub.