Türkiyə vasitəçilik etməyə hazırdır

Ərdoğan Putinlə Zelenskini sülhə çağırdı

  Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Görüşdə Türkiyə-Rusiya əlaqələri, xüsusilə enerji, Rusiya-Ukrayna müharibəsi və Suriya başda olmaqla regional mövzular müzakirə edilib.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Ərdoğan görüşdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirdiklərini və gücləndirməkdə davam etdiklərini ifadə edərək, yol xəritəsini ən qısa zamanda tamamlamağı və onun həyata keçirilməsi üçün konkret addımlar atmağı hədəflədiklərini bildirib.

  Rusiya-Ukrayna müharibəsi ilə bağlı taxıl dəhlizində aparılan danışıqlar, əsir mübadiləsi və Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsiz zona təşəbbüslərinin müsbət nəticələrinin şahidi olduqlarını xatırladan Ərdoğan, sülh və danışıqlara çağırışların birtərəfli qaydada dəstəklənməli olduğunu söyləyib. 

Ərdoğan terror təşkilatı PKK/PYD-nin Türkiyənin sərhəd bölgələrindən, xüsusilə Tel Rıfat və Mənbicdən təmizlənməsi üçün artıq konkret addımların atılmasının lazım olduğunu vurğulayıb. O, Əsəd rejiminin konstruktiv olması və siyasi prosesdə müəyyən addımlar atmasının zəruriliyinə diqqət çəkib. 

  Görüşlə bağlı Kremldən də açıqlama verilib. Açıqlamaya görə, Putin Ərdoğana deyib ki, dialoq üçün Ukrayna ərazi itkisini qəbul etməlidir.