ABŞ vasitəçiliyi ələ almağa çalışır

Bu təşəbbüs Vaşinqtonun real sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda maraqlı olduğunu göstərir


  ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı aparacaq. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. 
  Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib ki, Vaşinqton ilin ilk günündən başlayaraq, Azərbaycan və Ermənistan arasında vasitəçiliyi ələ almağa çalışır. Analitikin qənaətincə, bu təşəbbüs Vaşinqtonun real sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda maraqlı olduğunu göstərir:

"Blinkenin hər iki tərəflə aparacağı telefon danışığında sülh müqaviləsinin bağlanması istiqamətində əldə olunan razılaşmaların icrası, Laçın dəhlizi ilə bağlı məsələlər, həmçinin İrəvanın Vaşinqton gündəliyinə qayıtması müzakirə ediləcək. ABŞ Dövlət katibinin xarici işlər nazirlərinin növbəti görüşünü təşkil edəcəyi də gözlənilir. Vaşinqton bu görüşü təşkil etməklə İrəvanın manipulyasiya siyasətinin qarşısını almaqla konkret predmet üzrə müsbət nəticəyə yönələn mövqe ortaya qoymağı planlayır. Əgər xarici işlər nazirləri görüşərsə, mart ayına kimi Prezident İlham Əliyev və Nikol Paşinyanın görüşü təşkil oluna bilər. Belə bir görüşün keçirilməsində ABŞ israrlıdır və Moskvanın vasitəçiliyini kənarlaşdirmaq üçün bu il maksimum diplomatik hərəkətliliyi artıracaq".

  Ekspertə görə, Moskvadan fərqli olaraq Vaşinqton Cənubi Qafqazda sülhün əldə edilməsinə çalışır və Azərbaycanın tədqim etdiyi sülh təkliflərini sülhün əsas komponenti olaraq  qəbul edir: 

"Ağ Ev liderlərin görüşünü Avropada deyil, Vaşinqton, yaxud Tbilisidə təşkil edə bilər. Azərbaycan ABŞ-nin vasitəçiliyinə etimad edir. Amma rəsmi İrəvanın mövqeyində kardinal dəyişikliklər etmək üçün Vaşinqtonun siyasi təzyiqinə ehtiyac var. Dəyişən geosiyasi reallıqlar fonunda Nikol Paşinyan Vaşinqton gündəliyindən kənarlaşarsa, Azərbaycan güc tətbiq etmək məcburiyyətində qalacaq. Vaşinqton həm Laçın, həm də Zəngəzur dəhlizində hər iki tərəfin suverenliyinin tətbiq olunmasını təklif edir. Ermənistan Laçın dəhlizində Azərbaycanın nəzarətinə qarşıdır. 

Paşinyan Rusiya variantına üstünlük verdiyini ötən ilin son aylarında açıqlamasında qeyd edib. Amma Vaşinqtonun son təzyiqləri fonunda Tbilisidə görüşün keçirilməsi ideyasını dəstəklədiyini vurğulayıb".