Qocalar gedəcək:ABŞ-də gənc siyasətçilərə siyasi səhnə hazırlanır, elita yenilənir

  Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosu Prezident Co Baydenin evində axtarış aparıb. Baydenin vəkili Bob Bauerin açıqlamasına görə, axtarış səhər saatlarından günortayadək Ağ Ev rəhbərinin Delavera ştatındakı evində aparılıb. Axtarış nəticəsində Baydenin 2009-2017-ci illər aralığında vitse-prezident olduğu dövrə aid olan bəzi materiallar və əlyazmalar əlavə araşdırma aparılması üçün götürülüb. Axtarışların sabiq Prezident Donald Trampın bir açıqlaması əsasında aparıldığı iddia edilir. FTB hələlik axtarışla bağlı şərh verməyib və Bauerin dediyinə görə, əməliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə axtarış barədə əvvəlcədən ictimaiyyətə məlumat verilməyib. 

Qeyd edək ki, keçmiş Prezident Donald Tramp 2024-cü ildə ölkədə keçiriləcək seçkilərə qatılmaq niyyətindədir. Növbəti seçkilərə qatılmaq üçün daha qərarlı olduğunu deyən Tramp hazırkı Prezident Co Baydenin siyasətini tənqid etməkdədir. Onun sərhəd məsələləri, iqtisadi və sosial siyasətlə bağlı gördüyü işləri bəyənmədiyini söyləyən sabiq dövlət başçısı, özünün prezidentlik dövründə ölkədə həyata keçirilən layihələrdən misallar da çəkib. 2024-cü il seçkilərinin ABŞ-ni xilas etmək üçün yeganə şans olduğunu vurğulayan Tramp, ölkəsində Çinə müqavimət göstərə biləcək liderə ehtiyac olduğu fikri müdafiə edib. Baydenin evində axtarış aparılmasının da seçki mübarizəsi olduğu iddia olunur. 

  Politoloq İlqar Vəlizadə "Şərq"ə bildirib ki, FTB sadəcə, indiki prezidentin deyil, eyni zamanda Donald Trampın, sabiq vitse-prezidentin və başqalarının evində də axtarışlar aparıb. Analitikə görə, görünən odur ki, bu insanlar vəzifədə olduqları dönəmlərdə məxfi sənədlərlə bağlı üzərlərinə götürdükləri öhdəlikləri kobud şəkildə pozublar: 

"Belə çıxır ki, Co Bayden də gizli sənədlərlə bağlı öhdəliklərinə əməl etməyib. Bu da ümumi siyasi elitanın problemidir. Yəni söhbət sadəcə Baydenin nüfuzuna, mövqeyinə xələl gətirməkdən getmir. Bütövlükdə onun təmsil olunduğu Demokratlar Partiyasından gedir. Onun partiyası rəqib siyasi təşkilatın hücumlarına məruz qalır. ABŞ-də illərdir belə bir siyasi müzakirələr gedir ki, elitanı yeniləmək lazımdır. Köhnə təfəkkürlü insanlar yenilərlə əvəzlənməlidir. Hazırda bu proses getməkdədir. Məsələn, Demokratlar Partiyasının aparıcı siyasətçilərinin, məsələn, Baydenin yaşı 80-dən yuxarıdır. Digərlərinin də yaşı 70-dən çoxdur. Əksəriyyəti uzun müddət Amerika siyasi bürokratiyasını təmsil edən insanlardır. ABŞ-nin siyasi sistemi elədir ki, Ağ Ev rəhbərlərinin xalqla ünsiyyəti minimum səviyyədədir. Konqres üzvlərini belə birbaşa xalq yox, seçici palataları seçir. Ona görə də yeni siyasətçilər həm Demokratları, həm də Respublikaçıları tənqid edirlər və hakimiyyətə can atırlar. Düşünürəm ki, Bayden və digərləri ilə bağlı axtarışlar, əməliyyatlar yeni və gənc siyasətçilər üçün siyasi səhnənin təmizlənməsidir".