Ağ Ev Konqresin razılığını almalıdır



Vaşinqton ələ keçirdiyi İran silah və sursatlarını Ukraynaya göndərməyi planlaşdırır

  İran qaçaqmalçılıq yolu ilə Rusiyaya PUA-lar göndərir. Bu barədə “The Guardian”da araşdırma dərc edilib. Məlumata görə, həmin silahları daşımaq üçün Rusiya qayıqlardan və dövlət şirkətlərinin vasitələrindən istifadə edib. O da qeyd olunub ki, Rusiyaya əvvəlcə göndərilmiş “Şəhid 131” və “Şəhid 136” PUA-larından fərqli olaraq, budəfəkilər daha yüksəkdən uça, bomba ata və geriyə qayıda bilirlər. Qeyd edək ki, Rusiyanın əldə etdiyi iddia olunan “Mühacir -6” pilotsuz uçan aparatı 40 kiloqram hərbi yük daşıya, elektrik enerjisi ilə işləyə və 6 saat havada qala bilir. “Şəhid129” PUA-ları isə 60 kiloqram hərbi yük daşıyır, havada dörd saat qalır. “Şəhid191” isə 70 kiloqram hərbi yük daşıya və beş saat havada qala bilir. Hər ikisinin hazırlanmasında Almaniya istehsallı mühərrikdən istifadə olunur. Siyasilərin fikrincə, Rusiyanın Ukraynaya hücumundan sonra, üstəlik, Qərbin İrana qarşı sanksiyaları fonunda Moskva və Tehran arasında münasibətlər daha da isinib. Buna səbəb həm də Rusiyanın bir ilə yaxındır davam etdirdiyi müharibədə uzaqmənzilli raketlərlə bağlı çətinlik çəkməsidir. Qərb mətbuatı Moskvanın Tehrandan başqa, Pxenyanla da tərəfdaşlığı artırmağa çalışdığını bildirir. Ukrayna analitiklərinin məlumatına görə, Rusiya hücumun bir illiyi münasibətilə daha böyük hücuma hazırlaşır və buna görə də Şimali Koreyadan ballistik raketlər almağa çalışır. Ukrayna rəsmilərinin xəbərinə görə, təkcə ötən ilin dekabrında paytaxt Kiyev İran istehsallı 20 dronun hücumuna məruz qalıb, onların 15-i zərərsizləşdirilib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ölkə ötən ilin oktyabr ayında 136, sonlarında isə 45 İran istehsallı PUA hücumuna məruz qalıb. Araşdırma materialda Rusiyanın yeni PUA-ları əldə etməsinin səbəbi Ukraynanın istifadə etdiyi Türkiyə istehsallı “Bayraktar”lara qarşı mübarizə aparmaq istəyi olduğu da qeyd olunub. Nəşr pilotsuz təyyarənin Rusiyaya Xəzər dənizi üzərindən göndərilməsi ilə bağlı etibarlı mənbələrdən məlumatlar aldığını bildirir. Vurğulanıb ki, İrandan göndərilən silahlar, dənizdəki Rusiya donanmasına təhvil verilir. Dronların idarə olunması üçün İrandan 54 mütəxəssis də bu yolla Rusiyaya göndərilib. Araşdırmada o da qeyd olunub ki, İranın bu ilin yanvar və fevral aylarında hücum edilən hərbi bazalarında həmin dronlar da isehsal edilir. Bu məsələdə İsfahandakı hərbi baza xüsusi vurğulanır.

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Ukraynaya qarşı müharibədə İran silahlarından yalnız Rusiya ordusu istifadə etmir. Ukrayna ordusuna da İran silahları göndəriləcək. Ancaq bu dəfə silahları göndərən Tehran olmayacaq:

"İran savaşın davam etdiyi Yəməndəki tərəfdaş qruplara illərdir gizli yollarla silah və sursat göndərirmiş. ABŞ bunların bir hissəsini Yəmənin dəniz limanlarında ələ keçirib. Söhbət minlərlə tüfəngdən, milyonlarla patrondan və tank əleyhinə minalardan gedir. Bunlar Amerikaya lazım deyil, ancaq Ukrayna ordusuna istənilən təhcizat faydalıdır. Ona görə də Vaşinqton ələ keçirdiyi İran silah və sursatlarını Ukraynaya göndərməyi planlaşdırır. Sadəcə bunun üçün Ağ Ev Konqresin razılığını almalıdır. Bu arada, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda ABŞ ilə ərəb ölkələrinin diplomatları arasında məsləhətləşmələr keçirilib. Amerikalı diplomatlar ərəb həmkarlarına İran təhlükəsi barədə əlavə məlumat veriblər. Onu da deyiblər ki, İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatları gələcəkdə ərəb ölkələri üçün təhlükə mənbəyinə çevriləcək. Bu xəbərdarlığa qədər də İran bölgədəki müttəfiq silahlı qruplar vasitəsilə ərəb ölkələrinin bir qismini hədəf götürüb. İran istehsalı olan dronlar Yəmən üzərindən Səudiyyə Ərəbistanının neft emalı zavodlarına zərbələr endirmişdi. İranın pilotsuz uçuş aparatlarının istifadə trayektoriyası genişlənib. Ona görə də İrana qonşu ölkələrin hava məkanlarını gücləndirməsi vacibdir".