Kral ailəsinin kölə ticarətiylə bağlantısı

Kral Çarlz araşdırmaya izin verdi

  İngiltərə Birləşmiş Krallığının başçısı, kral III Çarlz tacqoyma mərasiminə hazırlaşdığı bir vaxtda tarixi həqiqətlərlə üz-üzə gəlib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Mançester Universiteti Tarixi Krallıq Sarayları ilə birgə tədqiqata  başlayıb. Tədqiqat XVII və XVIII əsrlərdə Bekingem sarayı və kral sülaləsinin qul ticarətində nə dərəcədə rol aldığını əhatə edir. Tədqiqatçıların məqsədi həm də Birləşmiş Krallığa aid ərazilərdə qul ticarətinin olub-olmamasını araşdırmaqdır.  “Guardian” qəzetinin yazdığına görə, kral ailəsi belə bir tədqiqatın aparılmasına ilk dəfədir ki, razılıq verir. Kral III Çarlz bu məsələdə loyal münasibət sərgiləyir. Kral arxivlərin açılmasına, kolleksiyaların incələnməsinə razılığını ifadə edib.  Kral Çarlz köləliklə bağlı araşdırmalara dəstək verdiyini də bildirib. Qeyd edilir ki, bundan öncə “Guardian” qəzeti Böyük Britaniya monarxiyasının 270 illik bir dönəmdə kölə ticarətiylə bağlı olduğunu, 12 kral və kraliçanın bu ticarətdə iştirak etdiyini və kölə ticarətindən əldə olunan gəlirləri açıqlamışdı. Belə bir araşdırmaya kralın dəstək verməsi isə ilk dəfə baş verir. Araşdırmanı dəstəkləməklə Kral III Çarlz ilkə imza atıb. Araşdırmanın 2026-cı ildə tamamlanacağı gözlənilir. Kral III Çarlzın tacqoyma mərasimi isə may ayının 6-na planlaşdırılıb. Mərasim Vestminster Abbeydə düzənlənəcək.