Fransanın bəyanatı ədalətli deyil

Ermənistan Aİ-nin missiyasını öz təcavüzkar siyasətinin bir hissəsinə çevirir


  Fransa hökuməti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı "dərin narahatlığını" bildirib. Rəsmi Paris bildirib ki, Ermənistanın "ərazi bütövlüyünə" hörmət edilməlidir və Azərbaycan qüvvələri təmas xəttində Ermənistanın işğal olunmuş mövqelərindən çıxarılmalıdır. 

  Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın qərəzli bəyanatını cavabsız qoymayıb. XİN-dən vurğulanıb ki, Fransanın bəyanatı reallığı əks etdirmir. Qeyd olunub ki, Fransanın bəyanatı ədalətli deyil: "Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bildirməsi ölkəmizə qarşı qərəzin nümunəsidir. Fransa tərəfini, Ermənistanı növbəti təxribatlara təhrik edən, revanşist qüvvələrə dəstək verən bu kimi bəyanatlardan çəkinməyə çağırırıq".
  Politoloq Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Fransa növbəti dəfə ənənəvi ermənipərəst mövqedən çıxış edib. Analitik deyib ki, təxribat aprelin 11-də bilavasitə Ermənistan silahlı qüvvələrinin Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi atəşə məruz qoyması nəticəsində baş verib. 

Fransa tərəfi isə ədalətsiz şəkildə bəyanatında Azərbaycana mesaj ünvanlayıb. Fransa sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, gərginliyin azaldılmasında “əsaslı rol oynayan” Aİ müşahidə missiyasının fəaliyyətini tam dəstəklədiyini vurğulayıb. 

Halbuki son zamanlar Ermənistan hakimiyyətinin ritorikasını sərtləşdirməsi, irəli sürülən bütün təşəbbüşləri bloklaması və Azərbaycana qarşı əsassız iddialarla çıxışlar etməsi məhz Aİ-nin missiyası ilə bağlıdır. Sirr deyil ki, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistan bu missiyanı öz təcavüzkar siyasətinin bir hissəsinə çevirir. Nəticə etibarilə Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib. Rəsmi Parisin mövqeyini qərəzli edən əsas məqam isə 25 ilə yaxın müddətdə münaqişənin həllində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə "dur" deməməsi, bununla bağlı heç bir addım atmamasıdır".