Dünya bazarlarında ajiotaj yaşanmır


“Taxıl sazişi”nin artıq bir əhəmiyyəti qalmayıb

Sazişin müddəti uzadılsa da, uzadılmasa da, bunun taxıl qıtlığı və ya bolluğuna təsiri olmayacaq 

  BMT Baş katibinin ofisi Rusiya, Türkiyə və Ukrayna nümayəndələrinin mayın 3-də beynəlxalq təşkilatın bayrağı altında taxıl sazişi müddətinin uzadılması ilə bağlı görüş barədə məlumatı təsdiqləməyib. Bu barədə TASS xəbər verib. Çərşənbə axşamı baş katibin mətbuat katibinin müavini Fərhan Hak bildirib ki, mayın 3-nə planlaşdırılan heç bir görüşdən xəbəri yoxdur. Bu, 

“Taxıl sazişi” ilə bağlı görüşün ümumiyyətlə baş tutmayacağı, sazişin müddətinin uzadılmayacağı anlamına gəlirmi? İqtisadçı Pərviz Heydərov “Şərq”ə açıqlamasında qeyd etdi ki, “Taxıl sazişi” hazırda aktuallığını itirib. O görüş olsa da, olmasa da, sazişin müddəti uzadılsa da, uzadılmasa da, bunu taxıl qıtlığı və ya bolluğuna təsiri yoxdur artıq: 

- Rusiya-Ukrayna müharibəsi 1 ildən artıqdır davam edir. Ukrayna torpaqlarında aparılan hərbi əməliyyatlar onu aparıcı taxıl istehsalçısı ölkələr sırasından çıxarır. Müharibə bitdikdən sonra ölkə taxılçılığı yenidən dirçəltməli olacaq. Hazırkı dövrdə Ukraynada taxılçılığın inkişafını, bu ölkənin yenə də əsas taxıl idxalçısı olacağını gözləməyinə dəyməz. Məlum “Taxıl sazişi” də müəyyən vaxt üçün faydalı oldu. Bu saziş Ukrayna anbarlarında toplanmış taxılın ixracına razılıq məqsədi daşıyırdı və öz hədəfinə çatdı. Düşünmürəm ki, Ukrayna anbarlarında hələ taxıl qalmış olsun. Hazırda dünya bazarlarında da taxıl ajiotajı yaşanmır. Çünki taxıl istehsalçısı və əsas ixrac ölkələrində növbəti aydan etibarən biçin başlayacaq. İsti iqlimə məxsus ölkələrdə adətən iyun ayında başlayır, nisbətən mülayim iqlimli və şimal ölkələrində iyul-avqust aylarından etibarən başlayır. Taxıl biçini başa çatdıqdan sonra və ölkələrin nə qədər taxıl tədarük etdikləri bəlli olduqdan sonra bazara təsir başlayacaq. Bu, payız mövsümündə olacaq. Qiymətlər də o zaman məlum olacaq, bazara təsiri də hiss olunacaq. Ona görə də bildirirəm ki, “Taxıl sazişi”nin artıq bir əhəmiyyəti qalmayıb.