Vikinqlərin sirri

Mütəxəssis bu qənaətə gəlib ki, bu nəhəng və güclü insanlar faydalı qidalarla bəslənirmiş


  Orta əsrlərdə məşhur olmuş vikinqlər soyuq və çətin iqlim şəraitində zəhmli görkəmlərini, möhkəm bədən quruluşu, uca boyları, güc və qüvvələrini hardan alırdı? “Milliyet.com.tr” xəbər verir ki, dosent doktor Səlahəddin Özkan vikinqlərin sirrinin həyat tərzləri və qidalanmalarında saxlandığını açıqlayıb. Vikinqlərin həyat tərzini araşdıran mütəxəssis bu qənaətə gəlib ki, bu nəhəng və güclü insanlar faydalı qidalarla bəslənirmiş. Təbii ki, vikinqlər də bütün digər xalqlar və topluluqlar kimi öz ərazilərində yetişən və əldə edə biləcəkləri qidalara əsasən üstünlük verib. “Vikinqlərin yalnız müharibələr, döyüşlərdə əldə etdikləri qənimətlərlə qarınlarını doyurduqlarını düşünmək böyük yanlışlıq olar. 

Yer üzündə yaşamış və yaşamaqda olan bütün xalqlar kimi onlar da məskunlaşdıqları coğrafi məkanın verə biləcəyi nemətləri əldə etməyə çalışıblar. Vikinqlər əsasən Skandinaviya yarımadasında yaşayıblar. Buranın şərq və cənub torpaqları isə münbitdir. Vikinqlər də əkib-becəriblər. Məsələn, çovdar əkiblər. Çovdar soyuq iqlimə davamlıdır. Çovdar çörəyi ilə qidalanıblar, meşələrdən meyvə toplayıblar. Onların hansı meyvələrlə qidalandıqlarına tarixi mənbələrdə rast gəlinir. Meşəlik ərazilərdə yaşadıqları üçün meşə balı onlar üçün əlçatan olub. 

Vikinqlər baldan spirtli içki düzəldən ilk sivilizasiyadır. Vikinq mifologiyasında baldan düzəldilmiş şəraba müqəddəs bir yanaşma var. Vikinqlər maral, keçi, qoyun, inək, at, donuz saxlayıb və onların ətiylə qidalanıb. Dəniz məhsullarına isə xüsusi önəm veriblər. Dəniz məhsullarının çox faydalı olduğu məlumdur. Dəniz sahilində yaşaan vikinqlər balina ovlayıb və balina əti də yeyiblər. Balina əti çox yağlıvə enerjilidir. Bunu yeyənlərin güclü olmamaq ehtimalı yoxdur. Vikinqlərin qış tədarükü ənənəsi də olub. Ovladıqları heyvanların, o cümlədən balina ətini də xüsusi üsulla qurudub qışa tədarük ediblər. Döyüşə gedəndə də azuqə olaraq özləriylə götürüblər.

 Balığın qurudularaq qışa saxlanması ənənəsi bu gün də Skandinaviya ölkələrində davam edir. Skandinavlar ət xarab olmasın və uzun müddət sağlam qalsın deyə, buz parçalarının arasında saxlayırlar. Səlahəddin Özkan “vikinqlər yeməyə başlamazdan əvvəl 3 qədəh qaldırırmış. 

Birinci qədəh baş Tanrıya, ikincisi, həmin gün özəl bir hadisə varsa, onun şərəfinə, üçüncü qədəh isə yeməyi təşkil edib dəvət edənin şərəfinə qaldırılır, bundan sonra yeməyə başlayırdılar. Yemək zamanı hər kəs növbəsini gözləyib. Əvvəlcə böyüklər – dini qruplar və idarəedənlər, sonra əsgərlər, onlardan sonra azad insanlar, sonuncu olaraq kölələr və qadınlar yemək yeyə bilərdi. Masada nə artıq qaldısa, kölələrə və qadınlara qismət olurdu.