Ekoloji fəlakət! - "Ermənistanla bağlı mandatlarına uyğun qərar versinlər"

"Müraciət ekoloji ziyanı qabarıq göstərməklə yanaşı, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini göstərir".

Bunu "Sherg.az"a  Ermənistanın  dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan ekoloji fəlakət barədə ünvanlanan müraciətlə bağlı danışarkən  Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi Ramil İskəndərli deyib.

R. İskəndərli bildirib ki, Ermənistan BMT-nin bir sıra konvensiyalarının, o cümlədən, Espoo Konvensiyasının tələblərini kobud şəkildə pozur:

"Ermənistan dağ-mədən sənayesində iş görəndə  həmsərhəd ölkələrlə məsələni müzakirə etməlidir, lakin heç bir addım atmayıb. Azərbaycan beynəlxalq hüququ standartlar arxalanır, havadan götürülməyib. Bunu erməni vətəndaşlar da mitinq və s. vasitələrlə tələb ediblər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün 2019-cu il 14 fevral tarixli qərarı ilə Ermənistanın Lori vilayətinin Şınıx (Şnoq) və Tuğut (Teqout) kəndlərinin məhkəməyə müraciət etmiş sakinlərinin torpaqlarında bu ölkənin qanunsuz mədən sənayesi istismarını təsbit edib. Məhkəmə dəymiş zərərlə bağlı Ermənistan hökumətindən həmin kəndlərin sakinlərinə 69 min 400 avro dəyərində təzminat ödəməsini tələb edib.
 
Ümumiyyətlə, Ermənistanın dağ-mədən sənayesində istismarla bağlı qeyri-şəffaf və hesabatlılığı olmayan fəaliyyəti həm regionun, həm də Xəzər dənizi hövzəsinin ekoloji tarazlığını poza bilər.

Beynəlxalq təşkilatlar və Birləşmiş Millətlər Təşkilatı (BMT)  Ermənistanla bağlı mandatlarına uyğun qərar versinlər və qanunsuz fəaliyyət dayandırılsın".