Yunanıstan tarixində ən uzun müddətli istilər proqnozlaşdırılır


Genişmiqyaslı meşə yanğınlarının baş verdiyi Yunanıstanda anomal isti hava indiyə qədər qeydə alınan ən uzunmüddətli rekorda çevrilə bilər.

"Report" xəbər verir ki, bu barədə CNN Afina Milli Rəsədxanasına istinadən məlumat yayıb.

"Ola bilsin, 15-16 gün ərzində ölkəmizdə indiyə qədər heç vaxt olmamış güclü istini yaşayaq", - rəsədxananın tədqiqat direktoru Kostas Laquvardos telekanala açıqlamasında deyib.

O qeyd edib ki, istilər daha çox davam edə bilər, lakin hazırda bunu "proqnozlaşdırmaq çətindir".

Laquvardosun sözlərinə görə, Yunanıstanda qeydə alınan ən güclü istilik dalğası 12 gün davam edib və 1987-ci ilin iyulunda ölkəni əhatə edib.

Tədqiqatçı əlavə edib ki, bu yay Afinada temperatur tarixi rekordu - 2007-ci ilin iyununda qeydə alınan 44,8 dərəcə rekordunu qıra bilər.