Asilyanın Bakı xülyası: Erməni cəmiyyətinin “nəbzi" yoxlanılır?

Erməni politoloq Suren Surenyants çıxışında bildirib ki, tez-tez sülhpərəst, Azərbaycanla bağlı müsbət paylaşımlar edən hakim Mülki Müqavilə Partiyasının keçmiş üzvü, hazırda bloger olan Tatul Asilyan əslində hələ də Nikol Paşinyana işləyir.  Politoloq T.Asilyanın partiyadan formal olaraq xaric edildiyini bildirib: “O, bir müddət əvvəl hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirən Qarabağdan köçmüş ermənilərlə bağlı mənfi paylaşım etmişdi. Buna görə partiyadan xaric olduğu açıqlandı. Lakin onun Paşinyanın komandasından çıxarılması əslində formaldır. Onlar o qədər yaxındır və Asilyan baş nazirin bütün istəklərinə o qədər bələddir ki, ondan göstəriş almasına ehtiyac yoxdur. Hər şeyi anlayır və özü edir. T.Asilyan əslində tamamilə Paşinyanın istəklərini yazır, deyir. O və onun kimilərinin əli ilə insanlara bəzi fikirləri çatdırırlar. Məsələn, qarşıdan gələn COP29-a iştirak üçün İrəvana da dəvət məktubu göndərilib. Paşinyanın ora getməli olduğunu Asilyandan yaxşı əsaslandıracaq biri yoxdur. Tatulun bir neçə gün öncə Bakıya getmək arzusu ilə bağlı paylaşımı məhz buna görədir”.

Qeyd edək ki, T.Asilyan bir neçə gün öncə öz sosial şəbəkə hesabında Bakını görməyi arzuladığını yazıb. O, sülhün tezliklə bərqərar olması və Azərbaycana səfər etməyi çox istədiyini bildirib. 

Surenyantsın fikirlərinə münasibət bildirən xanın politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, Tatul Asilyanın Ermənistanın hakim partiyasından uzaqlaşdırılmasının ssenari və ya həqiqət olmasını birmənalı şəkildə ifadə etmək doğru olmaz: 

“Amma son zamanlarda baş verən hadisələr onu deməyə əsas verir ki, Asilyan və Paşinyanın hadisələrə yanaşmasında heç vaxt ciddi fərqliliklər mövcud olmayıb və bu gün də belədir. Deməli erməni bloggerin Bakıya gəlmək arzusunu açıq şəkildə ifadə etməsi bir növ məsələ ilə bağlı erməni cəmiyyətinin “nəbzinin yoxlanılması” olaraq da dəyərləndirilə bilər. Ümumiyyətlə, hadisələrin gedişatına uyğun olaraq deyə bilərik ki, Azərbaycan tərəfindən COP29-da iştirak üçün İrəvana dəvət məktubunun göndərilməsinə cavab olaraq Paşinyanın Bakıya səfər etməsi ehtimalı heç bir halda istisna edilmir. O ki, qaldı Asilyanın Bakıya gəlmək “arzusunun” reallaşması ilə bağlı məsələyə, sərhədlərin açılması və ya qarşılıqlı səfərlərin mümkünlüyü üçün əsas şərtin elə məhz Ermənistanın götürdüyü öhdəlikləri dərhal icra etməsindən asılı olması faktı onun özünə də çox yaxşı məlumdur. Ona görə də, bu öhdəliklərin icrasının gecikdirilməsinin heç bir halda hadisələrin gedişatını Ermənistanın xeyrinə dəyişməyəcəyi reallığının dərk edilməsinin vaxtı çoxdan çatıb. Nəticə etibarilə, Asilyanın bu paylaşımı Ermənistanın mövcud hərbi-siyasi hakimiyyətinin bu məsələ ilə bağlı mövqeyini ifadə edən açıq mesaj da ola bilər”.