Tbilisi Moskva ilə ehtiyatlı, təmkinli davranır - Əks halda...

Əks halda Ukraynadakı gərginlik bu və ya digər şəkildə Gürcüstana transfer oluna bilər

  Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Kobaxidze Soçidən Batumi limanına gələn Rusiyanın “Astoriya Qrande” layneri qarşısında keçirilən etiraz aksiyasını qınayıb. Partiya sədri bunu vəhşilik adlandırıb. Xatırladıb ki, bu vəhşilik müxtəlif vaxtlarda ölkəyə ağır fəsadlar gətirib: "Sözsüz ki, biz buna imkan verməyəcəyik. Bizə vəhşi yox, praqmatik, rasional və ölkəmiz üçün düzgün siyasət lazımdır. Bu, Gürcüstanda sülhün saxlanılması və ölkənin inkişafı üçün yeganə reseptdir. Qeyd edək ki, dünən Rusiyaya məxsus “Astoria Grande” laynerinin Batumi sahillərinə yaxınlaşmasına etiraz olaraq gürcülər aksiyalar keçiriblər. Gürcüstan Prezidenti Salome Zurabişvili etirazçıları alqışlamışdı.
  Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, gürcü hökuməti fərqindədir ki, indiki situasiyada düşünülməmiş addımlar Gürcüstanı çətin duruma sala bilər. Analitikin sözlərinə görə, Gürcüstanın indiki hakimiyyəti tamamilə fərqli və sərt mövqedə dayansaydı, Rusiya ilə konfrantasiyaya getsəydi, təkcə qonşu ölkədə yox, həm də bölgədə hərbi-siyasi gərginlik artacaqdı:

"Həm də müəyyən proksi qüvvələrin akitvləşməsi baş verərdi. Təxribatçı addımlar müşahidə olunardı. Bunlar təbii olaraq Gürcüstan daxilində gərginliyin yaranması ilə yanaşı, həm də iqtidasi və tranzit infrastrukturunun təhlükə altına düşməsinə səbəb olardı. Nəzərə alaq ki, Gürcüstan bir çox regional və qlobal layihələrdə tranzit ölkə rolunu oynayır. Ölkə ərazisindən neft-qaz kəmərləri keçir. İstənilən qarşıdurma enerji layihələri üçün də təhlükə və risk törədərdi. Gürcüstan ərazisinin təhlükəsizliyinə təminat olmasaydı, investorlar da qaçardı. Gürcüstanla əməkdaşlığa can atan ölkələr tərəddüd içində olardı. Bizim qonşu ölkənin limanlarımızda aktivlərimiz, gəmilərimiz var. Tbilisi hökuməti bütün bunları nəzərə aldığı üçün ehtiyatlı, təmkinli davranmaq yolunu tutur. Rusiya ilə münasibətlərin tənzimlənmiş formada saxlanması ölkədə sabitlik və təhlükəsizliyi də təmin edir. Bu, həm Gürcüstan, həm də region dövlətləri üçün ən optimal yanaşmadır. Əks halda Ukraynadakı gərginlik bu və ya digər şəkildə Gürcüstana transfer oluna bilər".