Lakin ekspertə görə, HƏMAS-İsrail müharibəsi fonunda baş verənlər prosesi ləngidir
"Türkiyə kürd etnosu ilə PKK arasındakı incə cizgiləri məharətlə çəkə bilib. Terror təşkilatı ilə etnik tərkib arasındakı bu ayırıcı xətt Ankaranın PKK əleyhinə əməliyyatlarına mənəvi-siyasi güc verir".
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik əlavə edib ki, Azərbaycan və Türkiyə İraq Kürdüstan Regionu ilə razılaşmaları, hətta sövdələşmələri inkişaf etdirdiyi zamanda Yaxın Şərqdəki vəziyyətin daha da pisləşməsi diqqət çəkir:
"Azərbaycan və Türkiyə kürd amilini İranın mümkün hədə və təzyiqlərinə qarşı rıçaq kimi istifadə edə bilərdi. Amma bu prosesə İsrailin də dəstəyinin görünməsi İranla əlaqələr baxımından problemlər yaradardı. Misal üçün, İran öz sərhədləri daxilində kürd məsələsinə aqressiv yanaşır. Bu, Azərbaycan və Türkiyəyə İrandakı türk faktoruna təsirlər baxımından alternativ vasitə qazandırırdı. Lakin İran da İraq Kürdüstanı ilə əlaqələri irəlilədərək, həm Türkiyə, həm də Azərbaycanla bu regionda əməkdaşlıq sahəsi qazanır. Bununla o da PKK-ya qarşı mübarizədə yeni model cızırdı. Bütün bu əməkdaşlıq və razılaşmalar Türkiyənin PKK kəndirindən xilas olmasına gətirib çıxarırdı".
Lakin ekspertə görə, HƏMAS-İsrail müharibəsi fonunda baş verənlər prosesi ləngidir:
"Ona görə ki, bu müharibə fonunda İranla İsrail arasında şiddətlənən müharibə ritorikası, Türkiyə ilə İsrailin bir-birlərinə qarşı hədələri, ümumilikdə Yaxın Şərqin bütün qaynar fazalarında artan eskalasiya riskləri kürd faktorunun döyüş səhnələrindəki rollarını gücləndirən ssenariləri gündəmə gətirir. PKK üzərindən formalaşan döyüşkən kürd ideologiyasına hərbi və siyasi dəstəklərin çoxalacağı istisna deyil. Azərbaycan və Türkiyə bunun mümkün mənfi regional təsirlərini araşdırmalı, strateji kabinetlərdə analiz etməli, proqnozlar hazırlamalıdır".