Çində qasırğanın nəticələrinin aradan qaldırılmasına minlərlə hərbçi və polis cəlb edilib

Çində "Doksuri" qasırğasının nəticələrinin aradan qaldırılması üçün 2 500-dən çox hərbçi və 5 mindən artıq polis cəlb edilib.

"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.

Hərbçilər çay sahillərini qum torbaları ilə dolduraraq yolların təmirinə kömək edir və qasırğadan əziyyət çəkən Heilongjiang və Jilin əyalətlərinə ləvazimatları çatdırır.

Xatırladaq ki, iyulun 28-də “Doksuri” qasırğası Çinin cənub-şərqindəki Fujian əyalətini cənginə alıb, sonra Pekin və Hebey əyalətindən keçib. Çinin paytaxtı son 140 ilin ən pis yağışını yaşayıb. Hebey əyalətində təbii fəlakət 2,2 milyon insanı əhatə edib.

Ölkədə pis hava şəraiti səbəbindən 11-i Pekində olmaqla 30-dan çox insan həlak olub. Şəhərin Şulan mahalında vitse-mer və onun üç əməkdaşı fəlakətin miqyasını qiymətləndirmək üçün hadisə yerinə getdikləri zaman həlak olublar.