"Beş qəpiksiz günlərimə geri döndüm”

Turabi müalicə aldığı xəstəxanadan maraqlı paylaşımlar etməklə gündəmdədir

“Survivor” izləyicilərinə yaxşı tanış olan, 2014, 2015-ci ildə ard-arda çempionluq əldə etməsiylə məşhurlaşan Turabi Çamkıran müalicə aldığı xəstəxanadan da maraqlı paylaşımlar etməklə gündəmdədir. "Beş qəpiksiz günlərimə geri döndüm”, - yazaraq xəstəxanadan fotosunu paylaşan Turabiyə ilk mənəvi dəstək olanlardan biri “Survivor”dakı “əzəli-əbədi düşməni”, yarışmada aralarında daim qalmaqal yaşanan Hakan Hatipoğlundan gəlib. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Hakan Hatipoğlu Turabiyə “qardaşıma keçmiş olsun. Tez bir zamanda sağalmasını diləyirəm” mesajı göndərib. Turabi də bu mesaja cavab olaraq “Ən çox sevdiyim “düşmən”. Yarışda ona əsla güvənmərəm. Amma həyatda hər zaman adam kimi adamdır. Əsl adam! Hazırkı halıma sevinib güləcək adam varsa da, uşaq olmalı. Amma bilin, görək necə “uşaq”! Bütün “uşaqlara” salam olsun”, yazıb.  Bundan əvvəlsə Turabi özü paylaşım edərək “Əzrayıla mesaj atdım. 

Deyəsən, ciddi qəbul edib. Məni aparmaq istəyirdi”, yazaraq zarafat etmişdi. Turabi oyunlara, yarışlara əlvida dediyini də bildirmişdi: “Artıq çox yoruldum. Bundan sonra məni həyəcanlandıracaq təkliflər olmayınca heç bir yarışa qatılmayacağam. İndiyədək qürurla xatırlanacaq çempionluqlar qazanmışam. Qazandığım pullara görə də çox insanı itirdim. Pulların bir hissəsi ailəmin borclarına, bir hissəsi dostlarımın problemlərinə, bir qismi də ehtiyaclı insanlara sərf olundu. Hamısına halal olsun. Pulların bir qismini xərclədim, bir hissəsini də batdı, getdi. Bir az pul saxlamışdım, onu da indi müalicəmə xərcləyirəm. Yəni yarışlardan əvvəlki 5 qəpiksiz vaxtlarıma geri dönmüşəm”, - yazıb.