8 yaşında NASA-nın heyətinə daxil oldu

Uğursuz dahi

  7 yaşında 5 əcnəbi dil bilən, univerisitetlərdə fizika dərslərində iştirak edən, 8 yaşında isə NASA-da təmsil olunan, özündən yaşca böyüklərin həll edə bilmədiyi riyazi tənlikləri bir göz qırpımında çözən Kim Ung-yong “dahi” kimi tanınır. Lakin onu həm də “uğursuz dahi” adlandırırlar. 

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən Cənubi koreyalı dahi uşağın həyat hekayəsini təqdim edir. Kim Ung-yong, 8 mart 1962-ci ildə Güney Koreyanın paytaxtı Seulda anadan olub. İlk zamanlar başqa körpələrdən fərqlənməyən Kimin istedadı getdikcə üzə çıxıb.

 1 yaşına çatdıqda Kim Koreya əlifbasını və ondan daha çətin Çin əlifbasını öyrənib. 3 yaşında mürəkkəb riyazi tənlikləri həll edib. İngilis və alman dillərini öyrənib. Və 247 səhifəlik kitaba imza atıb. Uşaq zəkasıyla hamını heyran edib. 5 yaşında Koreya, Çin, ingilis, alman, fransız dillərində sərbəst danışıb. Eyni zamanda Güney Koreyanın 

“Hanyang” Universitetində fizika dərslərində iştirak etməyə başlayıb. Qatıldığı televiziya proqramındakı bilik yarışmasında 210 Q xal qazanaraq adını Ginnesin Rekordlar Kitabına yazdırıb. Bununla da uşağın şöhrəti dünyaya yayılıb.  Fövqəl zəkası ABŞ Kosmik Agentliyinin də diqqətini çəkib və onu NASA-ya dəvət ediblər. Kim Ung 8 yaşında NASA-da təhsil almağa və çalışmağa başlayıb. Burada göstərdiyi üstün zəka ilə böyükləri heyrətləndirib. Ünlü alimlərin həll edə bilmədiyi riyazi məsələlərin həllinə nail olub. Lakin Kim Ungun NASA-dakı fəaliyyəti təxmin edildiyi kimi heç də asan olmayıb. Özünü böyüklər arasında tənha hiss edib. Dostlaşa biləcək, oyunlar oynayacaq dostu olmayıb. Uşaq yaşlarından həyata atılan Kim yeniyetməlik dövrünü çətin keçirib. Gərgin çalışmasına rəğmən, ona haqq etdiyi verilməyib. 

Beləcə, Kimin NASA ilə əlaqəsi getdikcə  zəifləməyə başlayıb, sonunda isə tamamilə qırılıb. 10 il NASA-da çalışan Kim Ung 1978-ci ildə ordan ayrılaraq vətəninə dönüb. Burada təhsilini tamamlamalı olub. 2 il ərzində litseyi bitirib və diplom alıb. İnşaat mühəndisliyi ixtisasına yiyələnib. Onun haqqında “uğursuz dahi” deyiblər, bu, gəncin həyatını müəyyən qədər mənfilərlə yükləyib, lakin bir müddət sonra o, deyilənləri, atmacaları diqqətə almamağa üstünlük verib və yoluna davam edib. Təhsilini başa vurduqdan sonra inşaat şirkətində çalışıb. 2007-ci ildə Chungbuk Universitetində yardımçı müəllim kimi çalışmağa başlayıb. 

Kim Ung 2014-cü ildə elmi dərəcəsini artırmaq üçün səy göstərib və 51 yaşında dosent olaraq Shinhan Universitetində dərs deməyə başlayıb. Kimisinə görə Kim Ung istedadını boşuna sərf etmiş bir dahidir. O özü isə “insanlar bəzən adi hesab etdikləri xoşbəxtliklərini görməzdən gələrək seçilən biri olmağa can atırlar. Amma xoşbəxtliyin yaxşı dostlar qazanmaq, məktəbdə sinif yoldaşları ilə unudulmaz anları paylaşmaq kimi adi şeylərdən ibarət olduğunu bilmirlər.  Uğur və müvəffəqiyyətin pula bağlı olduğunu düşünənlər, əsl xoşbəxtliyin nə olduğunu anlamırlar. Mənim üçün xoşbəxtlik Vətənimdə ailəmlə, dostlarımla bir yerdə olmaq, sinifdə uşaqlara dərs deməkdir”, söyləyib.