ABŞ-İran arasında hibrid müharibə yeni müstəvidə: Plan hazırdır! - RƏY

Terror dalğası...

Vaşinqtonun strateji planları hazırdır

  ABŞ Konqresinin Senatında keçirilən dinləmələrdə çıxış edən Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey iddia edib ki, İran hakimiyyəti iranlı dissidentlərə, həmçinin keçmiş və indiki yüksəkrütbəli Amerika rəsmilərinə qarşı sui-qəsd cəhdləri planlaşdırıb. O bildirib ki, İranın "əsas strateji tərəfdaşı" olan "Hizbullah"ın casusluq və pul axtarışı da daxil olmaqla, ABŞ daxilindəki fəaliyyətinin uzun tarixi var. Fələstin-İsrail münaqişəsinin kəskinləşməsini nəzərə alaraq, FTB direktoru deyib ki, rəhbərlik etdiyi qurum hadisələri diqqətlə izləyir və bunun İran da daxil olmaqla, xarici aktorların ABŞ daxilindəki hərəkətlərinə necə təsir göstərə biləcəyini təhlil edir.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, ABŞ-nin Federal Təhqiqatlar Bürosunun İranla bağlı sui-qəsd iddiaları müəyyən reallıqlara uyğundur. Analitik vurğulayıb ki, İranın Avropa ölkələrində agentura şəbəkəsinin olması və bir neçə sui-qəsdlər təşkil etməsi bəllidir:

"Ancaq İran ABŞ ərazisində Avropa ölkələrində olduğu kimi rahat şəkildə sui-qəsdlər həyata keçirə bilməz. Yaxın Şərqdə yaşanan böhran fonunda ABŞ-İran arasında hibrid müharibə yeni müstəviyə keçib. ABŞ İrana qarşı sanksiyaları genişləndirmək üçün müxtəlif üsullardan istifadə edə bilər. Belə iddialar da Vaşinqtonun əlində bəhanə olar. Hesab edirəm ki, İrana qarşı bütün cəbhələrdə strateji planlar hazırdır. Bu tipli açıqlamalar iranlı zabitlərin, kəşfiyyatçıların aradan götürülməsinə də zəmin yaradır, yəni ABŞ kəşfiyyatı qarşısında belə bir öhdəlik qoyur".