Rusiya hərbi bazası Ermənistandan çıxarılacaq? - AÇIQLAMA

Kollektiv Qərbin təzyiqi altında Paşinyan bu qərarı verməyə məcbur edilə bilər

“Belə bir addım atılarsa, Kremlin İrəvana ən böyük cəzası Azərbaycanın Zəngəzurla bağlı planlarına müdaxilə etməmək olacaq”

  "Ermənistanın 2018-ci ildən Qərb tərəfindən yönləndirilməsi hamıya bəllidir". Bunu siyasi şərhçi Fuad Abbasov deyib. Ekspertin sözlərinə görə, belə məqamda Rusiyanın hərbi birliyinin Ermənistan ərazisində qalmasının İrəvan üçün heç bir mənası yoxdur:
 "Paşinyan əvvəlcə siyasi açıqlamalar verir və bu siyasi açıqlamaların məntiqi nəticəsi olaraq 102-ci hərbi bazanın əhəmiyyətsiz olması məsələsi gündəmə gətirilir. Paşinyanın Ukrayna prezidenti ilə təmasları və digər anti-Rusiya addımları Moskvanı qıcıqlandırmaq üçün kifayətdir. Kreml bu cür təşəbbüsləri cavabsız və qisassız qoymur. Şübhə yox ki, Rusiya öz hərbi bazasını Ermənistan ərazisindən çıxartmaq istəməz. Lakin kollektiv Qərbin təzyiqi altında qalan Paşinyana bu qərarı verməyə məcbur edilə bilər. Belə bir addım atılarsa, Kremlin İrəvana ən böyük cəzası Azərbaycanın Zəngəzurla bağlı planlarına müdaxilə etməmək olacaq. Nəinki müdaxilə etməyəcək, hətta Bakıya kömək də edəcək. Hətta Rusiya Zəngəzurun bir hissəsinin 1920-ci ildə Azərbaycandan qanunsuz şəkildə alınaraq Ermənistana verilməsi qərarını imperiyanın varisi kimi ləğv edə bilər". F.Abbasov vurğulayıb ki, Ermənistanın Rusiya ilə gərginliyi sülh prosesində heç bir rol oynamayacaq.
  Məlumat üçün bildirək ki, bir neçə gün öncə Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının gərəksiz olduğunu, Moskvanın öz öhdəliklərinə əməl etmədiyini, İrəvanın yeni tərəfdaş axtarışında olduğunu deyib. Ardınca Rusiyanın 102-ci hərbi bazası "şərti düşmənə" qarşı təlim keçirib. Həmçinin Paşinyan Zelenski ilə ayaqüstü görüşüb. Nəticədə İrəvan hökumətinin addımları Moskvada ciddi narazılıq doğurub.