“Rusiya bu gün səhər saatlarında paytaxt Kiyevi yenidən raket atəşinə tutub. İlkin məlumata görə, şəhərə “İsgəndər-M” tipli ballistik raketlər atılıb”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) sözçüsü Yuri İqnat bildirib.
Onun sözlərinə görə, həmin raketlər “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib: “Yerli hərbi administrasiyanın ilkin məlumatına görə, infrastruktura ciddi zərər dəyməyib və insanlar arasında da itki yoxdur. Bir sözlə, işğalçıların növbəti hücumu dəf edilib”.
Y.İqnat əlavə edib ki, Rusiya noyabrın 11-nə keçən gecə Ukrayna ərazisinə üç istiqamətdə 31 “Shahed” pilotsuz uçuş aparatından (PUA) istifadə edərək hücum həyata keçirib: “Bu PUA-ların 12-i Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Rusiya əsasən sərhəd bölgəsinə hücumlar həyata keçirib. Bundan başqa, Rusiya Ukrayna ərazisinə 3 raketlə zərbə endirib: X-31, P-800 “Oniks” və S-300”.
Rusiya üçün Ukrayna məsələsində yeni fürsətlər olduğunu deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a bildirib ki, Yaxın Şərqdə münaqişənin baş verməsi Kremlin əməliyyatlara olan inamını artırır:
" Ukraynaya əsas dəstək Qərb və xüsusən də ABŞ-dən gəlir. İndi isə Amerika İsrailə də ciddi dəstəklər ayırmaq məcburiyyətində qalıb. Hətta son bir ay ərzində ABŞ siyasi elitasında Ukraynaya ayrılan büdcənin bitmək üzrə olduğu ilə bağlı fikirlər yayılır. Digər tərəfdən Amerikada çox güclü olan Yəhudi lobbisinin təsirləri fonunda İsrailə yardımların ayrılması ön plana keçir".
Ekspert əlavə edib ki, Kreml yaranan fürsəti maksimum dəyərləndirməyə çalışır:
"Yəni Rusiya istəyir ki, Yaxın Şərqdəki münaqişə bitmədən Ukraynadakı məqsədlərinin bir hissəsinə çatsın. Hətta mümkün olsa, Kiyevi bu situasiyada masaya əyləşdirsin. Əgər Ukrayna Rusiyanın hərbi meydanda üstün olduğu zaman masaya otursa, Moskvanın daha çox istəklərinə nail olacağı qaçınılmazdır. Kiyevin vurulması da bunun göstəricisidir".
H.Səhrablının sözlərinə görə, ABŞ və Qərbin bu addıma cavabının nə olacağı da təzadlı məsələdir:
"Çünki ortada Baydenin impiçment məsələsi, həmçinin Konqresdə və Qərb dairələrində fikir ayrılıqları var. Eyni zamanda İsrail HƏMAS münaqişəsi fonunda diqqətlər Yaxın Şərqə yönəlib. Bu kontekstdən yanasaq, Qərbin və ABŞ-nin Ukraynaya dəstəyinin əvvəlki kimi olacağını gözləmirəm. Amma kollektiv Qərb Ukraynadan əlini birdəfəlik çəkməyəcək. Ona görə ki, həm Yaxın Şərqdə, həm də Şərqi Avropada maraqlar mübarizəsi gedir".