Cənubi Koreya ordusu: KXDR uğursuz ballistik raket buraxıb

Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya (KXDR) ballistik raket buraxmağa cəhd edib, lakin uğursuz olub.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, buraxılış Pxenyan yaxınlığındakı Sunan poliqonunda həyata keçirilib. Seul hələ bununla bağlı ətraflı məlumat verməyib.

Çərşənbə axşamı Pxenyan KXDR-in "Çollima-1" daşıyıcı raketinin “Malligen-1” peykini orbitə çıxardığını elan edib. Peyk “Tonçxan” poliqonundan buraxılıb. Şimali Koreya lideri Kim Çen In buraxılış prosesini müşahidə edib. Pxenyan tezliklə daha bir neçə oxşar peyk buraxmağı planlaşdırdıqlarını bildirib.

Cənubi Koreya buna cavab olaraq hərbi gərginliyi azaltmaq üçün ölkələrarası razılaşmanı qismən dayandırıb. Həmçinin “Yonhap” agentliyi hökumətdəki mənbələrə istinadən xəbər verir ki, Cənubi Koreya peyk buraxılışına cavab olaraq, Koreya yarımadası yaxınlığında birgə dəniz təlimləri keçirmək üçün ABŞ və Yaponiya ilə danışıqlar aparır.