"Rusiya cəzasız qalsa, yeni münaqişələr yaranacaq" - Blinken

NATO üzvləri Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləməyə davam etməkdə qərarlıdır.
Bakupost.az "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə birgə brifinqdə bildirib.
Dövlət katibi qeyd edib ki, noyabrın 29-da keçirilən görüşdə müttəfiqlər Ukraynaya uzunmüddətli dəstəyi müzakirə ediblər.
Blinken xatırladıb ki, Rusiya Ukraynaya hava zərbələri endirmək üçün İran tərəfindən hazırlanmış pilotsuz təyyarələrdən istifadə edir və Şimali Koreya da Rusiyaya hərbi dəstək verməyə başlayıb.
O, əlavə edib ki, müttəfiqlər indi Ukraynaya təkcə özünümüdafiəni davam etdirmək üçün deyil, həm də gələcəkdə mümkün təcavüzün qarşısını almaq və ondan qorunmaq üçün hərbi imkanlarını inkişaf etdirmək məsələsində kömək edir:
"Sizə deməliyəm ki, masa ətrafında bütün həmkarlarımızı dinləyəndə hamı Ukraynaya güclü və davamlı dəstəyin lehinə danışdı. Bəziləri sual verdi ki, ABŞ və digər NATO müttəfiqləri Ukraynanı dəstəkləməyə davam etməlidirmi? Bu gün NATO-da cavab çox aydın və dəyişməzdir: biz Ukraynanı dəstəkləməliyik və dəstəkləyəcəyik. Rusiyanın təcavüzkar müharibəsinin onun strateji məğlubiyyətinə çevrilməsini təmin etmək Kremlin bu müharibəyə başladığı vaxt olduğu qədər vacibdir".
O, hamı üçün risklərin bəlli olduğunu bildirib:
"Biz açıq siqnal verməliyik ki, dünyanın heç bir ölkəsi sərhədləri zorla dəyişdirə bilməz. Bu, müttəfiqlərin hər birinin və Alyansa üzv olmayan bir çox ölkələrin maraqlarına uyğundur.
Prezidentin təqdim etdiyi əlavə büdcə sorğusu bizim bu məqsədə sadiqliyimizə sübutdur və biz Konqresin yaxın həftələrdə onu təsdiqləyəcəyini gözləyirik”.
Blinken vurğulayıb ki, o, yorğunluq və ya geriyə doğru addım atmaq barədə eşitməyib, əksinə mübarizəyə davam etmək əzmi var:
"Məncə, bütün müttəfiqlər dərk edirlər: burada sual təkcə nəyin doğru olmasında deyil, həm də bizim öz maraqlarımızdadır. Eləcə də ABŞ üçün məsələ bundan ibarətdir. Rusiyanın cəzasız qalması və uğurları şübhəsiz ki, yeni təcavüzkarları həvəsləndirəcək və bu, təcavüz dünyanın istənilən yerində baş verə bilər".
Qeyd edək ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell də dünən Avropa ölkələri arasında “müharibə yorğunluğu” görmədiyini və "Ukraynaya yardımın davam edəcəyinə inandığını" bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq də müttəfiqlərin Ukraynaya əhəmiyyətli həcmdə hərbi yardımı davam etdirəcəyinə əminliyini ifadə edib.