Fransa Prezidenti: İsrailin mülki şəxslərə hücum etmək hüququ yoxdur

"Biz döyüşlərin (İsrail və HAMAS arasında-red.) yenidən başlamasına yalnız təəssüflənirik".
APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Dubayda keçirilən BMT İqlim Konfransında çıxışında deyib.
“Biz İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində özünümüdafiə hüququnu tanıyırıq. Ancaq onun mülki şəxslərə hücum etməyə hüququ yoxdur", - prezident vurğulayıb.
Emmanuel Makron İsrailin təhlükəsizliyinin Fransa üçün vacib olduğunu diqqətə çatdırıb: “HAMAS-ın məğlub edilməsi mümkündür, amma biz əmin olmalıyıq ki, onun yerinə başqa qruplaşma da gəlməyəcək”.
Fransa Prezidenti Qəzzada mülki əhalinin həyatı hesabına təhlükəsizliyə nail olmağın mümkünsüzlüyünü deyib: “Bu İsrailə təhlükəsizlik gətirməyəcək".
Makron Qəzzada daha çox mülki itkilər olduqca daha çox nifrət və yeni terror qruplarının formalaşacağını istisna etməyib: “İkidövlətli həll yolu dayanıqlı sabitlik üçün əsas yoldur. Terrorla mübarizə dayanmadan mülki əhalini bombalamaqla bağlı deyil. Terrorla dayanıqlı mübarizə üsulu bu deyil. İsrailin təhlükəsizlik zəmanəti olmalıdır, amma Qəzzada mülki əhalinin həyatı qorunmalıdır".