Putin Rəisi ilə Şimal-Cənub dəhlizini müzakirə edəcəyini bildirib

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisi ilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı məsələsini müzakirə edəcəyini bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin "VTB.Rusiya çağırır!" forumunda danışıb
"Artıq Moskvaya gəlmiş qonağımız İran Prezidenti cənab Rəisi ilə indi müzakirə edəcəyimiz layihələrdən biri də Şimal-Cənub dəhlizidir", - deyə Putin vurğulayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi Rusiya paytaxtına səfər edib. Bu gün onun Putinlə danışıqları planlaşdırılıb. Kremlin yaydığı məlumata görə, Putin və Rəisi
iki ölkə arasında ticarət-iqtisadi, o cümlədən nəqliyyat və energetika sahəsində perspektivli birgə layihələrin həyata keçirilməsini müzakirə edəcək, həmçinin beynəlxalq və regional problemlər barədə danışacaqlar. Danışıqlar həm nümayəndə heyətlərinin iştirakı ilə, həm də işgüzar nahar formatında təkbətək keçiriləcək.
İran Prezidentinin mətbuat xidməti isə danışıqların Qəzza zolağı ətrafındakı vəziyyətə, fələstinlilərə yardıma, həmçinin iki ölkə arasında siyasi, ticarət və iqtisadi əlaqələrin inkişafına həsr olunacağını açıqlayıb.