İrəvanda növbədənkənar seçkilər olacaq?

Mətbuatda dəfələrlə yayılıb ki, Paşinyan ciddi narahatdır və o, hakimiyyətinin ömrünü uzatmaq üçün ehtiyat variant kimi növbədənkənar parlament seçkisinə getmək niyyətindədir. Üstəlik, növbədənkənar parlament seçkisi məsələsinin 2024-cü ilin may-iyun aylarında həyata keçirilə biləcəyi barədə məlumatlar var.
Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

“Yeri gəlmişkən, diqqətçəkən odur ki, müxtəlif hökumətyönlü Teleqram kanalları və Feysbuk qrupları insanların bu mövzu ilə bağlı fikirlərini yoxlamaq üçün intensiv rəy sorğuları keçirir. Əsasən nikolçuların iştirak etdiyi bu cür “sorğular” Mülki Müqavilə Partiyasının hələ də reytinqinin, yaxşı nəticələrinin olmasına bəyan edib, həm özlərini, həm də tərəfdarlarını inandırmaq məqsədi daşıyır. Bizdə olan məlumata görə, Qərb bu məsələyə xüsusi maraq göstərir və Paşinyanın hakimiyyətini uzatmaq üçün hər şeyi edir. Paşinyanın reytinqinin aşağı düşdüyünü nəzərə alaraq, mümkün neqativ situasiyaların qarşısını almaq üçün ehtiyat variantları araşdırılır. Eyni zamanda, özlərinə faydalı olan namizədi tapmaq üzərində də işləyirlər, bu halda Paşinyan “kölgə” lideri olacaq. Çox maraqlıdır ki, növbədənkənar seçki mövzusu Əliyevin də növbədənkənar prezident seçkisinə getmək istədiyi məlum olduqdan sonra kəskinləşib”, - məlumatda deyilir.

Mövzu ilə bağlı “Sherg.az”a danışan  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki,  Ermənistanda növbədənkənar seçki keçirilməsi inandırıcı deyil: 

“Çünki Ermənistandakı parlament seçkilərinin üzərindən cəmi 3 il müddət keçib. Belə bir qısa müddətdən sonra özəlliklə revanşist müxalifətin, Qarabağla bağlı siyasi hərəkatların tamamilə zəiflədiyi və xalqa təsir imkanlarının daraldığı bir dövrdə Paşinyanın hansısa növbədənkənar seçkiyə getmə ehtimalı çox aşağıdır. İstənilən halda Ermənistan hakimiyyəti müstəqil qərar qəbul etmək iqtidarında olmadığı və onun idarəediciləri xaricdə əyləşdiyi üçün ola bilər ki, Ermənistandan kart kimi istifadə edərək İrəvanı Azərbaycanın əlehinə növbəti dəfə qızışdıra bilərlər. Yəni nəticədə bölgədə gərginlik yaratma ehtimalları var. Hazırda müxalifətin Ermənistan parlamentində qanunların qəbuluna təsiri yoxdur. Parlamentdə mütləq çoxluq Paşinyanın siyasi fraksiyasına aiddir. Eyni zamanda istər Ohanyan istərsədə Koçaryan daxil olmaqla bütün revanşist siyasilərin erməni xalqının yanında inamları qalmayıb. Əgər növbədənkənar seçki olarsa, Paşinyanın rəqiblərinin onun üzərində qələbə çalmaq ehtimalı çox azdır”.