Məhşur geyim markası olan “Zara” bütün dünyada boykot edilir.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb brendin sonuncu kolleksiyasında dağıntılar və meyitləri canlandıran fotoşəkillər yayımlamasıdır. Qəzzada baş verənləri əks etdirdiyi deyilən kolleksiya sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Həmin görüntülər səbəbindən insanlar “Zara”nın mağazaları qarşısında boykot şüarları səsləndirirlər.
Qeyd edək ki, “Zara” əsası 1975-ci ildə qoyulan ispan brendidir.
Məsələyə münasibət bildirən marketoloq Müşviq İskəndərov “Sherg.az”a bildirib ki, markaların siyasi prosseslərə reaksiya verməsi qəbulolunmaz bir məsələdir:
"Çünki siyasi məsələlərdə iki tərəfdən fərqli mövqelər olur. Bu ikili standart yaradır. Ona görə də bu cür hallarda cavab verməmək daha doğru hesab olunur. Fotoların Qəzzada baş verənləri əks etdirdiyinə dair bir sübut yoxdur. İstənilən halda kommuiukasiya komandası bu məsələnin açıqlamasını verə bilər. Adətən, qlobal markalar belə olduqda heç bir açıqlama vermirlər".
Ekspert vurğulayıb ki, markalar brend strategiyasının qorunması onun nüfuzunun təmin olunması və daimi marka gərginliyi təmin etmək üçün müştərilərə düzgün kommunikasiya qurmaq haqqında düşünməlidir:
"Qaydanı qlobal markalar pozduqda məhsulun zədələnməsinə gətirib çıxarır. Həmçinin bu nüfuza ciddi təsir göstərən amillərdən biridir. Bu cür paylaşımlar profilaktik olaraq komandanın böhran menecementi tərəfindən daha öncədən ölçülür. Komandalar belə vəziyyətlərdə böhran kommunikasiyasından istifadə edirlər ki, yaranmış böhran hallarının sonradan brendin əlaqəsinə necə təsir edəcəyini ölçə bilsinlər".