Moskvada ilk dəfə olaraq cinayətə görə Rusiya vətəndaşlığına xitam verilməsi barədə qərar qəbul edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Rusiya vətəndaşlığına qəbul edilmiş iki əcnəbinin Rusiya pasportu narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə müsadirə edilib. Baş idarədən bildirilib ki həmin şəxslərdən birindən 19 bağlamada mefedron, ikincisindən isə 1 bağlamada analoji sintetik narkotik maddə aşkar edilərək götürülüb.
Mövzu ilə bağlı “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov "Sherg.az"a bildirib ki, bu məsələ Rusiya Federasiyasının 26 oktyabrdan sonra qüvvəyə minmiş yeni qanunla bağlıdır:
“Qanunun 24 cü maddəsinin 1 ci bəndinə əsasən, bir sıra cinayyətlər var ki, bu məhkəmə yolu ilə sübuta yetirildiyi təqdirdə həmin şəxsin vətəndaşlığı dayandırılır. İki nəfərdən başqa, son 24 saat ərzində 7 nəfər şəxsin bir sıra cinayyətlərdə günahkar olduqları sübuta yetirilib. Bu artıq yeni bir prossesdir. Vətəndaşlığı əldə etmək üçün müəyyən güzəştlərlə bərabər,dayandırılması ilə əlaqəli də qanunda müddəalar öz əksini tapmışdır. Əlavə olaraq hərbi alternativ xidmətdən yayınan, narkotik vasitələrinin qanunsuz dövriyyəsini təşkil edən, terror fəaliyyətində iştirak edən şəxslərin Rusiya vətəndaşlığı əllərindən alınır. Bu yeni bir prossedir".
Ekspert vurğulayıb ki, tendensiya gettikcə böyüyəcək:
“Qanun layihəsi müzakirə olunan zaman da insan hüquq müdafiəçiləri açıq etirazlarını bildirmişdilər ki, bu insan hüquqlarının pozulması deməkdir. Onlar hesab edirlər ki, bu yolla cinayyətkarlığla mübarizə aparmaq mümkündür. Qanunun nə dərəcədə müsbət nəticə göstərməsini təbii ki, zaman göstərəcək. Ola bilsin ki, bu istiqamətdəki addım Rusiyada vətəndaşsızlığın sayının artmasına səbəb ola bilər. Başqa ölkələrdə tam bu formadan istifadə edilməsə də müəyyən qadağalar mövcuddur. Misal olaraq ölkəmizdə Azərbaycan dövlətinin təhlükəsizliyinə ciddi ziyan vuran davranışı sübuta yetirilibsə, vətəndaşlıq əlindən alınır".