Kremlin təsir mexanizmi: Ermənistan KTMT-dən çıxır?

MDB və KTMT üzvlüyünə xitam verilməsi Ermənistanın maraqlarına cavab vermir.
Bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
“Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir. Axı Qarabağdan biz imtina etməmişik. Qarabağın Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bunu həvəsli şəkildə etdilər. Və bizə xüsusi məlumat verilmədi”, - o bildirib.
Putin qeyd edib ki, Paşinyanın KTMT tədbirlərində iştirak etməməsi inteqrasiya birliklərində fəaliyyətini davam etdirmək istəyib-istəməməsi ilə bağlı deyil, Ermənistanın özündə baş verən daxili proseslərlə bağlıdır

Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki,  Ermənistanla Rusiya arasında ziddiyyətlər getdikcə dərinləşir və qarşılıqlı ittihamlar artıq yüksək müstəviyə qalxır: 
“ Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT)  iştirak etmək istəmir. Onlar açıq şəkildə sözügedən blokdan imtina edirlər. Qərb tərəfindən də rəsmi İrəvana KTMT-dən çıxması üçün ordunun təkmilləşdirilməsi, müassir silahlarla təmin olunma kimi şirnikləşdirici vədlər verilir. Eyni zamanda Rusiya da KTMT çərçivəsində Ermənistanı itirmək istəmir. Baxmayaraq ki, bu gün Rusiyanın Ermənistana güclü təsir mexanizimləri var, amma Kreml həmin mexanizmlərdən istifadə etmir. ABŞ-lə Ermənistan arasında Rusiyanın təzyiqlərindən yayınmaq üçün bir neçə maddəlik yol xəritəsi hazırlanıb”. 

Politoloq hazırda Rusiyanın başının Ukrayna cəbhəsinə qarışdığını və Ermənistanında bundan istifadə etdiyini vurğulayıb:
“Amma hazırki vəziyyətə baxmayaraq Rusiya Qafqazı itirmək niyyətində deyil. Onun üçün həm 102-ci bazanı çıxarmayacaq, həm də maksimum dərəcədə Cənubi Qafqazda qalma vaxtını uzatmağa çalışacaq. Rusiya hələ ki, Ermənistana qarşı ciddi təzyiqlər etmir. Yuxarı Lars yolunda müəyyən bəhanələrlə siyasi məqsədlərin icrasını görürük, amma əlbəttə ki, bu yetərli deyil. 2024-cü il seçkilərindən sonra Rusiyanın Ermənistana qarşı daha sərt addımlarının şahidi ola bilərik. Təbii ki, buda rəsmi Kremilin Ukrayna müharibəsindəki nəticəsindən aslı olacaq”.