Şarl Mişel gedir: Brüsselin ən vacib kreslolarından biri Viktor Orbanın əlinə keçə bilər

Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edir


  Avropa Şurasının sədri Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edərək Avropa Parlamentinə seçkilərdə iştirak etmək qərarına gəlib. O deyib ki, Avropa Şurası iyunun sonu və ya iyulun əvvəlində varisini gözləyə və təyin edə bilər. Mişel iyulun 16-da Avropa Parlamentinin üzvü kimi and içənə qədər Avropa Şurasının rəhbəri vəzifəsini icra etmək niyyətindədir. O, 2019-cu ildən bəri Avropa Şurasına rəhbərlik edir. Bundan əvvəl Belçika hökumətinin rəhbəri olub. Səlahiyyət müddəti 2024-cü il noyabrın sonunda başa çatır. Avropa Parlamentinə seçkilər 6 iyun tarixdən 9-na qədər olacaq. Onların ardınca Avropa Komissiyasının yeni tərkibinin təsdiqi və Avropa Şurasının yeni prezidentinin seçilməsi keçiriləcək. Şarl Mişelin vaxtından əvvəl istefa verərək Avropa Parlamenti sədrliyinə namizəd olacağını açıqlaması AB Şurası rəhbəri vəzifəsini Viktor Orbanın ilin sonuna qədər tuta biləcəyi ehtimalını gündəmə gətirib. Lakin Şarl Mişel deyib ki, Macarıstan Baş naziri Viktor Orban Avropa Şurasının hazırkı Prezidenti Şarl Mişel istefa verəcəyi təqdirdə quruma rəhbərlik edə bilməyəcək: “AB-nin başqa varis seçmək üçün kifayət qədər vaxtı var. Avropa Şurasının bu strukturun prezidenti kimi Viktor Orbandan qaçmaq üçün çox yolları var".
 
 Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a deyib ki, Şarl Mişel Aİ lideri kimi ilk dəfə bu Qurumun Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarında yaxından iştirak etməsinə nail olub. Ekspert xatırladıb ki, 2021-ci ilin yayına qədər tam olaraq proseslərlə bağlı fikri formalaşmayan Mişel Bakıya səfəri zamanı Azərbaycan prezidenti ilə görüşüb:
 "Həmin görüşdən sonra Aİ Azərbaycana və Ermənistana maliyyə ayrılması ilə bağlı birinci qərarından imtina edərək bərabər yardım ilə bağlı yekun nəticəyə gəlib. Ən önəmlisi isə Brüssel görüşlərində Şarl Mişel "Dağlıq Qarabağ", "müstəqillik", "ayrılma" və sair kimi saxta erməni ifadələrindən istifadə etməyib. Keçirilən bütün görüşlərdə Azərbaycanın mövqeyi Prezident İlham Əliyevin prinsipial davranışları nəticəsində möhkəmlənib. Lakin E.Makronun proseslərə müdaxiləsi və onun Brüsselə, şəxsən Mişelə təzyiqi Avropa İttifaqının sülh danışıqlarından bir qədər uzaqlaşması ilə nəticələnib. Sözsüz, Avropa İttifaqını və Avroparlamenti gözləyən seçkilər Makronun istəklərinə baxmayaraq, qoca qitənin diqqətinin daha çox daxili məsələlərə yönəlməsi ilə başa çatacaq". 

  Z.Məmmədov qeyd edib ki, Qərb mətbuatı həyəcan siqnalı çalaraq bu ilin yayında dərhal Aİ prezidentliyinə namizədin seçilməsinin vacibliyini yazır: 
"Əks təqdirdə, 2024-cü ilin ikinci 6 ayı ərzində Brüsselin ən vacib kreslolarından biri Viktor Orbanın əlinə keçə bilər. "Politico" nəşri yazıb ki, Viktor Orban Şarl Mişel istefa verəcəyi təqdirdə müvəqqəti olaraq Avropa İttifaqına  rəhbərlik edə bilər. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edərək Avropa Parlamentinə seçkilərdə iştirak edərsə və seçilərsə, Aİ liderləri vakant postu doldurmaq üçün varis haqqında dərhal razılığa gəlməlidir. Əgər buna nail ola bilməsələr, Macarıstanın Baş naziri Viktor Orban Avropa Şurasının işinə rəhbərlik edəcək. Sözsüz, ABŞ, Fransa və Almaniya sükanın macar nümayəndəyə verilməməsi üçün əllərindən gələni edəcəklər".