Bu, Rusiyanın maraqlarına daha çox xidmət edir
“Moskva çalışacaq ki, Avropa İttifaqı daha da güclənsin, ABŞ-yə qarşı balans yaransın”
İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropa İttifaqının öz ordusunu yaratmağa çağırıb. Antonio Tayani bildirib ki, Avropa İttifaqı sülhün qorunmasında və münaqişənin qarşısının alınmasında rol oynaya biləcək öz vahid ordusunu yaratmalıdır: “Dünyada sülhməramlı olmaq istəyiriksə, Avropa ordusuna ehtiyacımız var. Bu, effektiv Avropa xarici siyasətinə malik olmaq üçün əsas şərtdir”. Tayani qeyd edib ki, müdafiə sahəsində daha sıx Avropa əməkdaşlığı onun rəhbərlik etdiyi "Forza Italia" partiyası üçün prioritetdir: "ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların - Yaxın Şərqdən Hind-Sakit Okeana qədər böhranların olduğu bir dünyada - İtaliya, Almaniya, Fransa və ya Sloveniya vətəndaşlarını yalnız artıq mövcud olan bir ittifaq qoruya bilər - Avropa İttifaqı". Tayani həmçinin bildirib ki, 27 ölkədən ibarət Aİ öz rəhbərliyini sadələşdirməli və Avropa İttifaqı Şurası Prezidenti və Avropa Komissiyasının Prezidenti strukturları vahid strukturda birləşməlidir. Qeyd edək ki, Aİ ölkələri müdafiə sahəsində daha yaxından əməkdaşlığı Rusiyanın iki il əvvəl Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra siyasi gündəmə gəlib. Bununla belə, səylər daha çox NATO-nun genişlənməsinə və bu alyans çərçivəsində sıx əməkdaşlığa yönəldilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Avropa Birliyi ordu yaratmazdan əvvəl koronavirusa qarşı peyvənd yaratmaq barədə düşünməlidir: "AB ordusu? Bəlkə COVID-ə qarşı öz peyvəndinizi yaratmaqla başlamalısınız? Yaxud beynəlxalq öhdəliklərimizə uyğun olaraq AB sərhədlərini humanist şəkildə qorumağı öyrənəsiniz? Qaçqınlar və miqrantlar məsələsini həll edəsiniz? Bundan sonra ordu...”.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, bu açıqlama Avropa daxilində ordu ideyasının gücləndiyini göstərir. Analitik bildirib ki, bundan əvvəl Fransa dəfələrlə bu fikri səsləndirib, bəzən Almaniya da dilə gətirib:
"Ancaq Fransa Prezidenti E.Makron "Avropa Ordusu" ideyasını ən çox müdafiə edənlərdəndir. Hətta Aralıq dənizdə "Avropa Ümumi Sərhəd Mühafizə xidməti"nin yaradılmasını da ortaya atıb. Şübhəsiz, belə təkliflər ABŞ tərəfinə xoş gəlmir, çünki NATO var və bu təşkilat ABŞ və Avropanın ortaq müdafiə alyansıdır. Yeni bir qitə ordusu isə əslində NATO-ya alternativdir. Ona görə də Vaşinqton buna qarşı çıxır. Rusiya-Ukrayna savaşından sonra ABŞ-nin üstün cəhəti o oldu ki, Qərbi vahid bayraq altına yığa bildi. Bu da Avropa Ordusu ideyasının ikinci plana keçməsinə səbəb oldu. Ancaq italiyalı nazirin yenidən bunu gündəmə gətirməsi göstərir ki, Avropada bu istiqamətdə çalışanlar var. Ayrıca Avropa ordusunun formalaşması Rusiyanın da maraqlarına xidmət edir. Moskva çalışacaq ki, Avropa İttifaqı daha da güclənsin, ABŞ-yə qarşı balans yaransın. Əslində mən də hesab edirəm ki, Avropa İttifaqı sərbəst xarici siyasəti yeritmək istəyirsə, onun da öz ordusu, xüsusi hərbi qanadı olmalıdır".