Başqa namizədlərin heç bir şansı yoxdur
Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Ukrayna ilə müharibə şəraitində Rusiyada seçkilərlə yanaşı, Putinin qarşısında güclü rəqibin olmaması da müzakirə mövzusudur. Digər məqam isə odur ki, Rusiya vətəndaşlarının Vladimir Putinə etimadı daha 3 faiz artıb və 80 faizə çatıb. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin son sorğuların nəticələrinə görə, sorğu iştirakçılarının 80 faizi “Prezident Putinə güvənirsinizmi” sualına, 77,1 faizi isə “Prezidentin işindən razısınızmı” sualına müsbət cavab verib. Hazırda Putinə rəqib olmaq istəyənlərin sayı 33-ü keçib.
Politoloq Fuad Abbasov "Sherg.az"a bildirib ki, Rusiyada yeni seçkilər V.Putini yenidən seçmək üçün keçirilir. Ekspert vurğulayıb ki, Kreml rəhbərinin indiyə qədərki prezidentlik müddətinin qanunla sıfırlanması Putinin yenidən ard-arda iki dəfə prezident seçilməsinə imkan verir:
"Putin bu imkanı ona görə yaratmayıb ki, başqası prezident olsun. Ukraynada müharibə aparan bir dövlətin prezidenti aparılan siyasəti davam etmək üçün yenidən seçilməlidir. Belə məqamda Putinin xələfinin hakimiyyətə gəlməsi yolverilməzdir. Onu əvəz edəcək şəxs Kreml rəhbərinin bütün qərarlarını ləğv edə bilər. Hətta Ukraynada müharibəni belə sonlandırar. O baxımdan Rusiyada prezident seçkiləri Putinin qələbəsi ilə nəticələnəcək".