Yəmən daha riskli coğrafiyadır: İkinci Əfqanıstan ssenarisi...


  Amerika Birləşmiş Ştatları və Böyük Britaniya 2024-cü il yanvarın 11-dən 12-nə keçən gecə Yəməndəki Husilərin mövqelərinə hücum ediblər. 16 obyektdə 60-dan çox hədəfə zərbələr endirilib. Bundan əlavə, Qırmızı dəniz sahilindəki Hudeyda şəhərindəki hədəflər də vurulub. Yəmənin Səna, Səada, Hodeyda, Taiz və Dhamar şəhərləri hücuma məruz qalıb. ABŞ Prezidenti Co Bayden aviazərbələrin "Husilərin Qırmızı dənizdəki beynəlxalq gəmilərə görünməmiş hücumlarına birbaşa cavab" olduğunu bildirib. Rusiya hücumlarla əlaqədar BMT TŞ-nin təcili iclasının keçirilməsini tələb edib. Böyük Britaniyanın Baş naziri Rişi Sunak Qırmızı dənizdəki əməliyyatlara münasibət bildirib. Sunak bu zərbələrin zəruri və proporsional olduğunu bildirib. ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim Husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb. Husi üsyançılarının hərbi sözçüsü, briqada generalı Yəhya Səri bildirib ki, Amerika və Britaniya Yəmən xalqına qarşı cinayətkar təcavüzə görə tam məsuliyyət daşıyır və bu, cavabsız və cəzasız qalmayacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ və Böyük Britaniyanın Yəməndə Husilərə qarşı hərbi əməliyyatına münasibət bildirib. Ərdoğan qeyd edib ki, bütün bu hərəkətlər qeyri-mütənasib güc tətbiqidir: "Husilər ABŞ və Britaniyaya qarşı uğurla müdafiə olunur". İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, ABŞ və Böyük Britaniyanın Yəmənin “Ənsar Allah” hərəkatından olan Husilərinə qarşı həyata keçirdiyi zərbələr özbaşınalıq və Yəmənin suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır. İran XİN sözçüsü Vaşinqton və Londonun bu kimi hərəkətlərinin yalnız regionda qeyri-sabitliyin artmasına səbəb olacağını vurğulayıb. Rusiya XİN də ABŞ-nin Yəmənə zərbələrini pisləyib. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, ABŞ-nin Yəmənə endirdiyi zərbələr BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif edilməsinə və regionda vəziyyəti gərginləşdirmək üçün beynəlxalq hüquqa tam məhəl qoymamağa daha bir nümunədir: “ABŞ-nin Yəmənə qarşı hava hücumları anqlo-saksonların öz dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adı ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmələrinin və beynəlxalq hüquqa tam məhəl qoymamalarının növbəti nümunəsidir”.
  Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, ABŞ və Böyük Britaniyanın Husi mövqelərinə hücumu ciddi hadisə olsa da, güclü effekt verməyəcək. Ekspertin sözlərinə görə, məsələ ondadır ki, hazırda məqsəd nə Yəmənə müdaxilə, nə də Husiləri tam məhv etməkdir:

"Çünki hücumun olacağı ilə bağlı bir neçə gün öncədən mətbuatda xəbərlər dərc edilib. Yəni əslində, Vaşinqton bununla Husilərin müvafiq müdafiə hazırlığı görməsini istəyib. Bundan başqa, ABŞ Prezidenti Co Bayden aviazərbələrin “Husilərin Qırmızı dənizdəki beynəlxalq gəmilərə görünməmiş hücumlarına birbaşa cavab” olduğunu bildirməsi də əməliyyatın məhdud xarakterli olduğunu deməyə əsas verir. Ümumiyyətlə, assimetrik savaş taktikaları ilə Husilər kimi paramilitar qruplaşmaların zərərsizləşdirilməsi mümkün deyil. Bunu ABŞ də yaxşı bilir və indiki məqamda yeganə məqsəd güc nümayiş etdirməkdir. Aydın məsələdir ki, Vaşinqtona seçkiqabağı ikinci Əfqanıstan ssenarisi lazım deyil. Çünki Yəmən Əfqanıstandan daha riskli bir coğrafiyadır və ABŞ burada uzun müddət qala bilər. Bununla belə, güc nümayiş etdirən Vaşinqton lazım gələcəyi təqdirdə daha effektiv zərbə vura biləcəyinin mesajını verir. Ola bilər, əməliyyatlara Avropa İttifaqı ölkələri də qoşulsun, lakin quru əməliyyatları olmadan Husiləri məğlub etmək mümkün deyil".