İran Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, ölkə ərazisinə hücum olacağı təqdirdə Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbə endirəcək.
Bu barədə “The Guardian” nəşrində material dərc olunub.
Nəşrin xəbərinə görə, Tehran hesab edir ki, Vaşinqtonun onun torpaqlarına hücumu qırmızı xətdir.
Daha əvvəl çıxan xəbərlərdə isə bildirilib ki, ABŞ Prezidenti Co Bayden İordaniya sərhədində üç əsgərin həlak olduğu hücum hadisəsinə necə cavab verəcəyi ilə bağlı qərara gəlib. Lakin Baydenin dəqiq olaraq hansı tədbirlər görəcəyi barədə isə məlumat verilməyib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, İki ölkə arasında münasibətlərin bundan sonra da gərgin şəkildə qalacağını müşahidə edəcəyik:
"Çünki hər iki ölkənin qarşısına qoyduğu hədəflər digərlərinin milli-maraqlarını təhlükə altına alan məsələlərdir. Amma ABŞ-nin birbaşa olaraq İrana hücüm edəcəyini düşünmürəm. İstər Amerikanın yaxın Şərqdəki hərbi bazalarına, istərsə də İranın Ərəb ölkələrindəki proksi qüvvələrinə zərbələrin olması şəklində proses davam edəcək. Yəni hər iki ölkə bir-birinə qarşı müəyyən zərbələr endirməklə qarşı tərəfi zəiflətməyə çalışacaq. Ümumi şəkildə götürdükdə isə dağıntılar altında müharibənin baş verməsindən daha çox hadisələrin bu fonda davam etməsi daha məqsədəuyğundur. Məsələn, İsrail və Fələstin arasında müharibənin baş verməsi fəlakətli nəticələrə gətirib çıxarır. Amma ABŞ və İran arasında gərginliklərin belə qalması müəyyən problemlər də yaradır. Yəməndəki Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücümları dünya iqtisadiyyatını böhrana gətirir. Eyni zamanda ABŞ-İran arasında belə problemlərin olması bölgədə təhlükə mənbəyidir və dünyada da müəyyən çətinliklərin yaranması ilə nəticələnir".