Ehtimal ki, partiya daxilində olan "Kılıçdaroğlu qrupu" revanş götürəcək
Cümhuriyyət Xalq Partiyasından (CHP) bələdiyyə seçkilərində namizəd olacağı ilə bağlı xəbərlər yayılan keçmiş millət vəkili Gürsel Tekin partiyasından istefa verdiyini açıqlayıb. Tekin CHP-nin siyasətini sərt tənqid edib. Onun sözlərinə görə, Cümhuriyyət Xalq Partiyasının əsas prinsipləri onun nizamnaməsində və proqramında öz əksini tapıb. Təəssüflər olsun ki, CHP zaman keçdikcə Atatürkçü və sosial-demokratik, müasir sivilizasiyanı hədəfləyən, Türkiyədə iqtidarda olan, xalqa xidmət edən bir partiya kimliyindən uzaqlaşıb: "Partiyada heç bir obyektiv şərt, ləyaqət və ya bacarığın olmadığı göz önündədir. Partiyanın hakimiyyətə gəlməsi üçün çalışan insanlar kənarlaşdırılır. Türkiyədə iqtidar mübarizəsi yerinə partiyadaxili hakimiyyət mübarizəsinə üstünlük verilir. Partiya qanunlarına və partiya işçilərimizin hüquqlarına məhəl qoyulmur. Qərargah özünün elan etdiyi qayda və göstərişlərə belə əməl etmir. İdeologiyanın, prinsipin formalaşdırdığı yoldaşlıq ruhu əvəzinə, partiya hər səviyyədə həyat yoldaşı, dost, qohum münasibətlərinin həlledici olduğu bir quruluşa çevrilib. Buna görə də, həyatımı həsr etdiyim, gəncliyimdən prinsiplərini qəlbimə möhürlədiyim Cümhuriyyət Xalq Partiyasından böyük təəssüf hissi ilə istefa verirəm. Çünki inandığım və uğrunda yaşadığım prinsiplər bunu diktə edir". Qeyd edək ki, CHP-dən Tekinlə yanaşı, digər iki şəxs də istefa verib. Çukurova bələdiyyə sədri Soner Çətin də partiya ilə əlaqəsini kəsib. Çətin açıqlamasında "şahidi olduğu narahatedici vəziyyətə görə istefa verdiyini" bildirib.
Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Gürsel Tekin Dəniz Baykalın dövründən qalma ən güclü CHP-li sayılırdı. Onun sözlərinə görə, G.Tekin uzun müddət baş katib olaraq partiyanın 2-ci şəxsi olub:
"Bir zamanlar adı Kamal Kılıçdaroğlu sonrası CHP rəhbərliyi üçün keçirdi. Belə bir fiqurun yeni rəhbərliyə gəlmiş Özgür Özəli sərt tənqid edib partiyadan getməsi düşündürücüdür. Ehtimal ki, Gürsel Tekin bələdiyyə seçkiləri ilə bağlı narazı qalıb. Ola bilər ki, Tekin seçilə biləcəyi yerlərin birindən Böyükşəhər bələdiyyəsinin sədrliyinə namizəd olmaq istəyib, ancaq CHP rəhbərliyi ona bu şansı tanımayıb. Tekin ümumiyyətcə, CHP daxilində problem yaradan biri olmayıb. Həmişə ağır çəkili fiqur rolunu oynayıb".
Ən güclü CHP-li getdi
Analitikin qənaətincə, Tekinin bundan sonra 3 yolu var:
"Ya Məhərrəm İncənin yanına gedib Məmləkət Partiyasına qoşulacaq, ya da müstəqil şəkildə siyasi həyatına davam edəcək. Üçüncü variant isə özünün yeni partiya qurmasıdır. Ancaq bu, güclü ehtimal deyil. Tekin ağıllı siyasətçidir, yaxşı bilir ki, bu ona böyük üstünlük gətirməyəcək. CHP daxilində hazırda böyük narazılıq var. Partiya qaynayır. Hətta bunun təsiri bələdiyyə seçkilərində də hiss olunur. Hakim AKP-nin namizədi Murad Qurum rəy sorğularında artıq Əkrəm İmamoğluna yaxınlaşır. CHP əlində tutduğu böyük şəhərləri - Ankara və İstanbulu itirərsə, bu, Özələ olan inamı kəskin azaldacaq. Ehtimal ki, bu zaman partiya daxilində olan "Kılıçdaroğlu qrupu" revanş götürəcək".