Bu artıq özünü sübut etmiş bir metoddur
Rusiya bu üsuldan istifadə etməklə Ermənistanda hakimiyyəti ələ keçirə bilər
Ermənistanda yeni anti-Rusiya əhvali-ruhiyyəsi formalaşır. “Hraparak” nəşri yazıb ki, bu proses Baş nazir Nikol Paşinyanın Münhen səfərindən sonra daha da güclənib. Vurğulanıb ki, İrəvan-Moskva münasibətlərindəki tarazlıq birdəfəlik aradan qalxmaq üzrədir. Qəzetin iddiasına görə, Ermənistan hakimiyyəti Qərbin tələbləri ilə bu addımı atır. Qeyd edək ki, N.Paşinyan Münhen Təhlükəsizlik Konfransında demişdi ki, Ermənistan Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi deyil. Paşinyan 1991-ci il Almatı Bəyannaməsini Rusiyanın da imzaladığını vurğulayaraq, bu bəyannamə əsasında Ukraynanın ərazi bütövlüyünün tanınmasının Kremlin öhdəliyi olduğunu bildirib. Başqa sözlə, Paşinyan Rusiyanın Ukraynada işğalçı müharibə apardığını təsdiqləyib. Moskva bunu reaksiyasız qoymayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ukrayna ətrafındakı münaqişəyə dair İrəvanla Moskva arasında diametral şəkildə əks mövqelər var və bu, Kreml üçün sirr deyil. Peskov onu da əlavə edib ki, Rusiya İrəvanın bu mövqeyi ilə razı deyil və israrla haqlı olduğunu izah etməyə davam edəcək.
Siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a bildirib ki, Moskva Paşinyan hökumətinin atdığı hər addımı yanlış və Rusiya üçün arzuolunmaz görür. Ekspert vurğulayıb ki, Rusiya erməni baş nazirin anti-rus bəyanatlarını və hərəkətlərini fürsət bilərək Ermənistandakı tərəfdarlarını ayağa qaldırır, onları mitinqlərə, etiraz aksiyalarına səsləyir:
"Həm də rusyönlü media orqanları vasitəsilə hökumətin siyasəti əleyhinə yazılar dərc etdirməklə Nikol Paşinyanı erməni ictimaiyyətinin gözündən düşürməyə, reytinqini, nüfuzunu aşağı salmağa çalışır. Kremlin indiki siyasəti buna hesablanıb. Bu gedişlə Paşinyanı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin aqibəti gözləyir. Bu artıq özünü sübut etmiş bir metoddur. Rusiya bu üsuldan istifadə etməklə Ermənistanda hakimiyyəti ələ keçirə bilər. İrəvan hakimiyyətinə qarşı olan Ermənistan müxalifəti, Rusiyayönümlü dairələr Bakı-Moskva əlaqəsinin yüksək olmasını da Paşinyan əleyhinə istifadə edirlər".
F.Abbasov hesab edir ki, bütün bunlara rəğmən, Ermənistan və Rusiya münasibətlərinin çox kəskin olduğunu söyləmək olmaz:
"Çünki Rusiyanın əlində İrəvana güclü təzyiq rıçaqları var. Rusiya istədiyi zaman Ermənistan iqtisadiyyatına təsir göstərməklə Paşinyan hökumətini özünə bağlamaq imkanlarına sahibdir. Hətta Moskva Ermənistanın suverenliyinin itirilməsinə səbəb olacaq təsir rıçaqlarına da malikdir. Ona görə də Paşinyan tamamilə Rusiyadan üz döndərmir. İki güc, yəni Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət aparmağa çalışır. Amma bu siyasətdə Qərb ağırlıq təşkil etdiyindən Moskvada müəyyən narazılıq yaradır. Bu narazılığın miqyası böyüyərsə, o zaman İrəvan üçün risklər meydana çıxar. Rusiya heç bir vaxt Ermənistanın əlindən çıxmasına razılıq verməyəcək. Bu, Paşinyan hökumətinin Rusiya üçün yaratdığı müvəqqəti çətinliklərdir".