Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb. Tərəflər arasında hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Fransalı nazir çıxışı zamanı bildirib ki, Ermənistana öz müdafiə potensialını qurmaqda kömək etməkdə Fransa məsuliyyət daşıyır. Lekornunun iddiasına görə, İrəvan hazırda ciddi təhlükəsizlik problemləri, həmçinin Azərbaycandan gələn "təhdidlərlə" bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üz-üzə qalıb: "Fransa Ermənistanın müdafiə potensialını artırmaq üçün ona dəstək vermək öhdəliyi daşıyır. Burada söhbət sırf müdafiə məqsədləri üçün yer-hava müdafiə texnikası və zirehli maşınlardan gedir". Lekornu əlavə edib ki, Fransa Ermənistana müxtəlif mənzilli raketlər verməyə hazırdır: "Ermənistana yaxın, orta və uzun mənzilli raketlər lazımdırsa, onlar da ölkənin müdafiə potensialının inkişaf etdirilməsinin bir hissəsi olacaq". Fransalı nazir Ermənistana hansı hərbi texnikanın gələcəyi ilə bağlı detalları açıqlamayıb: "Cənubi Qafqazda həm əhalinin, həm də sərhədlərin qorunması prioritetdir". Qeyd edək ki, bu, Fransa müdafiə nazirinin Ermənistana tarixdə ilk səfəridir. Ermənistanın müdafiə naziri Suren Papikyan da Fransadan silah almağa davam edəcəklərini söyləyib. Papikyan qeyd edib ki, “İrəvanla Bakı arasında sülh müqaviləsi imzalandıqdan sonra regionda təhlükəsizliyin təmin edilməsinin səviyyəsindən asılı olmayaraq, Ermənistan Fransadan silah almağa davam edəcək”. Erməni nazir onu da vurğulayıb ki, ölkəsi ilə Fransa arasındakı hərbi əməkdaşlıq silahlı qüvvələrin demək olar ki, bütün sahələrini əhatə edir: “Müdafiə sahəsində islahatlar istiqamətində, hərbi təhsil sahəsində dəstək, birgə təlimlər və əlbəttə ki, silahlı qüvvələrin və müdafiə vasitələrinin müasirləşdirilməsi üçün hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi prosesini xüsusilə vurğulamaq lazımdır”. Papikyan deyib ki, Fransanın Ermənistanda daimi hərbi müşaviri olacaq. Qeyd edək ki, Lekornunun səfəri iki gün davam edəcək. Məlumat üçün onu da bildirək ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. İki lider görüşdən əvvəl birgə mətbuata bəyanatla çıxış ediblər. Makron deyib ki, Ermənistan Fransanın dəstəyinə arxalana bilər. Fransa rəhbəri Azərbaycanın Qarabağı tərk edən və geri qayıtmaq istəyənlərin təhlükəsiz və tez zamanda geri qayıtmasını təmin etmək öhdəliyi olduğunu bildirib. Əlavə edib ki, onlar Ermənistanı hərbi texnika ilə təmin etməyə davam edəcəklər. Paşinyan da bəyan edib ki, Fransa ilə Ermənistan arasında münasibətlər təkcə tarixi və iqtisadi deyil, iki ölkəni “daha dərin emosional bağlar” birləşdirir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, Fransa mövqeyini itirməyə başlayıb. Ekspertin sözlərinə görə, Almaniya kansleri Olaf Şoltsun Münhendə Azərbaycan və Ermənistan başçılarının görüşünə təşəbbüs göstərməsi, Fransanın kənarda qalması Parisi həddindən artıq hiddətləndirib:
"Fransa özünü göstərməyə, "əsas vasitəçi mənəm" deməyə çalışır. Amma Makron danışdıqca batır və Fransanı da gözdən, nüfuzdan salır. Fransa müdafiə naziri Lekornunun İrəvana gəlməsi və yekə-yekə danışması Parisin niyyətini ortaya qoysa da, artıq qatar yerindən tərpənib. Fransa itirən tərəfdir. Paris Afrikada məhrum olduqlarını Cənubi Qafqazla kompensasiya etməyə çalışır. Ancaq anlamalıdır ki, Cənubi Qafqaz onluq deyil".
Həmsöhbətimizin qənaətincə, Paris bölgə ilə bağlı istəklərinə nail ola bilməyəcək: "Dəyən zərbə Ermənistana dəyəcək. Vaxtı ilə Ukrayna rəhbəri Zelenskini necə tələyə saldılarsa, Paşinyanı da o cür tələyə salmaq istəyirlər. Ancaq Paşinyan kifayət qədər hiyləgərdir. Yəqin ki, aldanmayacaq. Fərqindədir ki, səhv addım atarsa, Ermənistanın taleyi Ukraynadan daha ağır olacaq. Ermənistanın təxribat və qarşıdurma cəhdləri təkcə Zəngəzurun yox, İrəvanın da itirilməsinə səbəb olar. Azərbaycanla təhdid dilində danışmaq, bizi hədələmək ağılsızlıqdır. Azərbaycan hərbi gücünü daim artırır, modern silahlar alınır. Ermənistanın öz öhdəliklərini pozması bizə hüquqi müstəvidə əlavə addımlar atmaq imkanı verəcək".