Mixail Saakaşvilinin tərəfdarları məhkum edilmiş keçmiş dövlət başçısının əfv olunması tələbi ilə Gürcüstan prezidentinə müraciət ediblər.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
"Ölkənin üçüncü prezidentinin azad edilməsi tələbini 150 mindən çox Gürcüstan vətəndaşı imzalayıb", - məlumatda deyilir.
Qeyd olunur ki, Saakaşvilinin azadlığa buraxılması üçün imzaları Gürcüstan Prezidentinin Administrasiyasına eks-prezidentin rəsmi nümayəndəsi Sofo Caparidze və Milli Hərəkatın liderləri təqdim edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turab Rzayev bildirib ki, Gürcüstan müxalifəti Saakaşvilinin azadlığa buraxılması üçün hələ çox cəhd göstərəcək:
“Çünki hazırda Gürcüstan müxalifətinin birləşmə problemi var. Ölkədə kifayət qədər fərqli müxalif qüvvələr mövcuddur və onları bir platformada birləşdirmək çox çətindir. Saakaşvili həbsdən çıxsa, yenidən müxalifətin başına keçərək ətrafına müxalifləri toplaya bilər. Amma Gürcüstan höküməti bunu nəzərə alaraq Saakaşvilini azadlığa buraxmamağa çalışacaq. Bundan əvvəl də addımlar atılsa da, hökümət qarşı çıxmışdı. Hətta Salome Zurabişvili Saakaşvilinin əfvi ilə bağlı sərancam imzalayacağını bildirdikdə, hökümət çox sərt reaksiya vermişdi. 150 mindən daha artıq səs toplansa belə, hakimiyyət Saakaşvilini azad etməyəcək. Saakaşvilinin partiyası ilə razılaşma əldə edilsə, Qərbin və Avropa instutlarının həddən artıq təzyiqi olarsa, hakimiyyət onu azadlığa buraxa bilər”.