Rusiyada vizasız müvəqqəti qalma müddəti azalır: Necə təsir göstərəcək?

Rusiya ölkəyə giriş qaydalarını sərtləşdirir

Miqrantlarla bağlı yeni qaydalar Rusiya vətəndaşlığı olanlara şamil edilməyəcək

“Qanunvericiliyə təklif edilən dəyişikliklər qüvvəyə mindikdən sonra bu, soydaşlarımıza da mənfi təsir göstərəcək”

  Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər. Bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb. Məlumata görə, hazırlanmış qanun layihəsinə əsasən, xarici vətəndaşın Rusiya Federasiyasında vizasız müvəqqəti qalma müddətinin hər 180 günlük müddətdə ümumilikdə 90 günədək azaldılması, yəni təqvim ili üçün cəmi 90 gün olması təklif edilir. Təşəbbüs müəlliflərinin fikrincə, belə bir tədbir işləmək məqsədilə Rusiya Federasiyasına üz tutan mövsümi miqrantların sayını azaldacaq, eləcə də ümumilikdə xarici vətəndaşların Rusiyada qalmasına nəzarətin səmərəliliyini artıracaq.
  “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Rusiya artıq bir neçə vaxtdır, miqrasiya qanunvericiliyinin təkmilləşməsi ilə bağlı bu və ya digər yeniliklər barədə məlumatları gündəmə gətirir. Qanunvericiliyə təklif edilən dəyişikliklər Duma üzvləri tərəfindən irəli sürülür. Səbəb də miqrasiya sahəsində nizam-intizama nail olmaqdır. Lakin bu da antimiqrant ritorikasını gücləndirir ki, nəticədə yerli əhali ilə miqrantlar arasında münasibətlər gərginləşir, xüsusilə də miqrantların kompakt yaşadığı bölgələrdə:
- Rusiya ərazisində qeyri-qanuni yaşayanlar çoxdur. Rusiya hökuməti də zaman-zaman miqrasiya qanunvericiliyini təkmilləşdirmək və sərtləşdirməkdə, miqrantlara, ümumiyyətlə, miqrasiya məsələlərinə dövlət nəzarətinin güclənməsində maraqlıdır. Hazırkı vəziyyətdə bu, bir neçə komponentdə özünü göstərir. Təklif olunur ki, əməkçi miqrantlarla müddətli əmək müqaviləsi bağlansın. Bu isə əməkçi miqrantların perspektivinə mənfi təsir göstərir. Əməkçi miqrantların rus dili və tarixi imtahanlarına cəlb edilməsi də mənfi amillərdən biridir. Çünki əməkçi miqrantların böyük hissəsini Orta Asiyadan gələnlər təşkil edir, onlar da rus dilini pis bilirlər. Başqa bir tələb, əməkçi miqrantların peşələrinin, ixtisaslarının çalışdığı sahəyə uyğun olmasıdır. Əgər uyğunluq olmasa, onlar işə alına bilməz. Bu da əməkçi miqrantlara mənfi təsir edəcək.
  A.Allahverənov qeyd etdi ki, hazırda Rusiya Federasiyasında təxminən 200 minə yaxın azərbaycanlı əmək fəaliyyəti ilə məşğuldur:
- Soydaşlarımız müxtəlif seqmentlərdə, amma əsasən ticarət və tikinti sektorunda çalışır. Miqrasiya qanunvericiliyinə təklif edilən dəyişikliklər qüvvəyə mindikdən sonra bu, soydaşlarımıza da mənfi təsir göstərəcək. Bir məsələ də var ki, Rusiyada yaşayıb işləyən soydaşlarımız arasında Rusiya vətəndaşlığı əldə edənlər də var. Əvvəllər belə qanun vardı ki, Rusiya vətəndaşı olan, digər ölkənin vətəndaşı ola bilməz. Azərbaycan vətəndaşı əgər Rusiya vətəndaşlığı əldə etmək istəyirdisə, gərək Azərbaycan vətəndaşlığından imtina edəydi. Amma bu qanun artıq qüvvədən düşüb. İkili vətəndaşlığa icazə var artıq. Miqrantlarla bağlı yeni qaydalar Rusiya vətəndaşlığı olanlara şamil edilməyəcək. Lakin istənilən məhdudiyyət miqrantların hüquqi vəziyyətinə mənfi təsir göstərir, iş yerlərini, qazanclarını itirirlər və öz ölkələrinə qayıtmaq məcburiyyətində qalırlar. Hesab edirəm ki, miqrantlarla bağlı yeni qaydaların tətbiqi müəyyən vaxt aparacaq. Yeni qaydaların tətbiqi tez baş verməyəcək.